Accessibility links

Azərbaycanda koronavirusa qarşı vaksinasiya pulsuz olacaq


“Vaksinlər sayəsində dünyada onlarla təhlükəli xəstəliklərin qarşısı alınıb. Əgər bu vaksinlər olmasaydı, dünyamız daha təhlükəli olardı. Təəssüflər olsun ki, biz yeni koronavirus pandemiyası ilə üz-üzə qalmışıq.”

Bu barədə TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı dekabrın 15-də keçirilən brinfinqdə deyib.

O bildirib ki, dünyada əhalinin sayı artdıqca mikroorqanizmlərin xəstəlik törətmə qabiliyyəti arta bilir.

”COVİD-19 virusunu törədən mikroorqanizm əvvəllər təkcə heyvanlarda xəstəlik törədirdi. İndi artıq insanlarda da törədə bilir. Xəstəliyin yayılmasının qarşısını almaq üçün profilaktikadan istifadə edilir. Profilaktika 2 cür - spesifik və qeyri-spesifik olur. Xəstəliyin yayılmasının qarşısını radikal almağın yolu spesifik profilaktikadır. Bu, vaksinasiyadır. İnsan orqanizmi anticisimlər vasitəsilə antigenlərə qarşı hazırlanır. İkincisi isə, insan orqanizminin hüceyrələr sistemi də virusa qarşı mübarizə aparır. Bu, immun sistemi adlanır. Biz vaksin istifadə ediriksə, insan orqanizmində ya humoral, ya da hüceyrə immun cavabı yaranmalıdır”.

Bundan əlavə Ramin Bayramlı deyib ki, ABŞ-da hazırlanan vaksinin 95% effektiv olması ilə bağlı istehsalçı ölkədən məlumatlar verilib.

“Hazır olan vaksinlərdən Pekində yerləşən “Sinovac Biotech” şirkətinin COVID-19 peyvəndi "CoronaVac" vaksinin ilkin nəticələrə görə 95-97% effektivliyinin olması açıqlanıb. Bu vaksin ənənəvi üsullarla hazırlanıb. Ənənəvi vaksinlərdən bəşəriyyət 100 ildən çoxdur ki, istifadə edir. İnfeksiyaya səbəb olan törədicilər iki üsulla zərərsizləşdirilir. Törədici mikroorqanizm qismən məhv edilir. İkincisi isə tam mikroorqanizmin öldürülməsidir. Vaksin bədənə inyeksiya ediləndə virusda zərərli maddəni zərərsizləşdirir”.

Bundan əlavə Operativ Qərargahın bu gün keçirilən brifinqində səhiyyə nazirinin müavini Viktor Qasımov deyib ki, ölkəyə alınıb gətiriləcək koronavirusa qarşı vaksinlər 100% təhlükəsizlik qaydalarına cavab verəcək.

“Azərbaycan da koronavirusa qarşı vaksinlərdən istifadə üçün həm ikitərəfli, həm də çoxtərəfli danışıqlar aparır,” Viktor Qasımov deyib.

Onun sözlərinə görə, ikitərəfli danışıqlarda Türkiyə ilə daha yaxından işbirliyi aparılır.

“Hazırda COVİD-19 xəstəliyini törədən virus 1 ilə yaxındır ki, dünyada tüğyan edir. Buna qarşı vaksin artıq hazırlanıb və onun tətbiqinə bəzi ölkələrdə başlanılıb.”

Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib ki, Azərbaycanda vaksinasiya strateigyası hazırdır.

“Bizim ölkədə vaksinasiya pulsuz həyata keçiriləcək və artıq risk qrupları müəyyənləşib. İlk növbədə onların vaksinasiyası həyata keçiriləcək,” o bildirib.

Xatırlama

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Həmin vaxtdan ölkədə tətbiq edilən karantin rejimi gələn ilin yanvar ayının 31-dək davam edəcək.

Dekabrın 8-də Nazirlər Kabineti koronavirusa yoluxma hallarının kəskin artmasını nəzərə alaraq, karantin rejimini 14 dekabrdan 2021-ci il yanvarın 18-ə kimi sərtləşdirilib.

Nazirlər Kabinetinin qərarına əsasən, yanvarın 18-dək Bakı metropoliteninin fəaliyyəti tam dayandırılıb. SMS-lə küçəyə çıxma icazəsinin müddəti gün ərzində 1 dəfə olmaqla (3 saat müddətində) yenidən aktivləşdirilib. Ticarət obyektləri restoran, kafe və çay evlərinin fəaliyyəti dayandırılıb. Bir sıra şəhər və rayonlara giriş-çıxış məhdudlaşdırılıb.

2021-ci ilin yanvarın 31-dək ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Həmçinin şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla, digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılıb.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburi hesab olunub. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilib. 65 yaşdan yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələri tövsiyə olunub.

XS
SM
MD
LG