Accessibility links

Azərbaycanda koronavirusa yoluxan şəxs vəfat edib, 6 yeni yoluxma var


Azərbaycanda 6 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı aşkarlanıb, bir nəfər vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, yoluxan şəxslərdən 1 nəfər Azərbaycan vətəndaşı yüksək bədən hərarəti və nəfəs darlığı şikayətləri ilə xəstəxanaya müraciət edib. Eyni zamanda şəkərli diabet və ürəyin işemik xəstəliyi olan pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb. Həkimlərin səyinə baxmayaraq, xəstənin vəziyyətinin kəskinləşməsi səbəbindən onun həyatını xilas etmək mümkün olmayıb və pasiyent xəstəxanaya daxil olduğu gün vəfat edib. Xəstənin ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilmiş və karantinə götürülüb.

Bu, Azərbaycanda koronavirusa yoluxanların ikinci ölüm halıdır. Ondan çox insan isə sağalaraq evə buraxılıb.

Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 81 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 3 nəfərin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ölkədə infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif karantin zonalarına yerləşdirilən 2 914 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər davam edir.

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub. Xüsusi rejim qaydalarına əsasən, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan olunub. Xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılıb, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib.

“Hazırda koronavirusa yoluxma halları həm Azərbaycana xaricdən gələn şəxslər sırasında, həm də ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır. Bu səbəbdən vətəndaşlarımızı bir daha gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq. Vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələb olunur,” Operativ Qərargah bildirir.

Operativ Qərargah həmçinin hazırda davam edən qeyri-iş günlərinin müddətini aprelin 4-dək uzadıb.

Nazirlər Kabineti bu gün Azərbaycanın İran ilə sərhəddin bağlanma müddətini də aprelin 20-dək uzadıb.

Öncə sərhəd eyni səbəblə fevralın 29-da bir ay müddətinə bağlanmışdı.

XS
SM
MD
LG