Accessibility links

Azərbaycanda koronavirusa yoluxanların sayı azalır


Son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 541 yeni yoluxma faktı qeydə alınıb, 2 245 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 313 006 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 279 179 nəfər müalicə olunaraq sağalıb, 4 371 nəfər vəfat edib, aktiv xəstə sayı 29 456 nəfərdir.

Son günlər koronavirusa yoluxanların sayı azalmaqda davam edir. Dünən, aprelin 24-də 1676 yeni yoluxma faktı qeydə alınıb. Bu gün yoluxanların sayı 135 nəfər azalıb.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək ölkədə vurulan vaksinlərin ümumi sayı 1 423 295, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 939 098, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 484 197 təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi iyunun 1-dək davam edəcək. Həftəsonu istirahət günləri və bayram günlərində ölkənin bütün ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

XS
SM
MD
LG