Accessibility links

Azərbaycanda koronavirusa yoluxanların sayı iki dəfəyədək azalıb


Dekabrın 22-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 284 yeni yoluxma faktı qeydə alınıb, 4 392 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 41 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 205 877 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 147 199 nəfər müalicə olunaraq sağalıb, 2 294 nəfər vəfat edib. Hazırda 56 384 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 221, bu günə qədər isə ümumilikdə 2 088 358 test icra olunub.

Xatırladaq ki, karantin rejimi sərtləşdirilənə qədər ölkədə infeksiyaya gündəlik yoluxanların sayı 4000-4500 arasında idi.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Həmin vaxtdan ölkədə tətbiq edilən karantin rejimi gələn il yanvarın 31-dək davam edəcək.

Dekabrın 8-də Nazirlər Kabineti koronavirusa yoluxma hallarının kəskin artmasını nəzərə alaraq, karantin rejimini 14 dekabrdan 2021-ci il yanvarın 18-ə kimi sərtləşdirilib.

Nazirlər Kabinetinin qərarına əsasən, yanvarın 18-dək Bakı metropoliteninin fəaliyyəti tam dayandırılıb. SMS-lə küçəyə çıxma icazəsinin müddəti gün ərzində 1 dəfə olmaqla (3 saat müddətində) yenidən aktivləşdirilib. Ticarət obyektləri restoran, kafe və çay evlərinin fəaliyyəti dayandırılıb. Bir sıra şəhər və rayonlara giriş-çıxış məhdudlaşdırılıb.

2021-ci ilin yanvarın 31-dək ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Həmçinin şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla, digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılıb.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburi hesab olunub. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilib.

XS
SM
MD
LG