Accessibility links

Azərbaycanda koronavirusa yoluxanlardan 21 nəfər süni tənəffüs aparatına qoşulub


Koronavirus
Koronavirus

İyunun 4-də Azərbaycanda 262 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 72 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1960 və 1963-cü il təvəllüdlü iki nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 6 522 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 737 nəfər müalicə olunaraq sağalıb, 78 nəfər vəfat edib, 2 707 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 64 nəfərin vəziyyəti ağır, 75 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 322 574 test aparılıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib ki, hazırda aktiv xəstələrin sayı 2 707 nəfərdir.

“100 nəfərin müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Onlardan 21-i süni tənəffüs aparatına qoşulub."

Bayramlı təyyarə uçuşlarının bərpası ilə bağlı deyib ki, yaxın günlərdə daxili uçuşların olması gündəmdədir.

"Daxili uçuşların yaxın günlərdə olması gündəmdədir. Beynəlxalq uçuşlarla bağlı danışıqlar aparılır və iyulun 1-nə qədər yəqin bu, mümkün olmayacaq".

Bu gün Azərbaycan Nazirlər Kabineti Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərar verib.

Qərara əsasən adları çəkilən ərazilərdə (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün 2020-ci il 6 iyunda Bakı vaxtı ilə saat 00:00-dan 8 iyun saat 06:00-dək məhdudiyyətlər tətbiq edilib.

Baş Nazir Əsədov dövlət televiziyası ilə çıxışında deyib ki, həftəsonu qadağaların iyunun 13, 14 və 15-də də tətbiq olunması nəzərdə tutulur.

O, hesab edir ki, xüsusi karantin qaydalarının yumşaldılmasından sonra əhali tələbləri daha çox pozub: “Ona görə də virusa yoluxanların sayında ciddi artım oldu."

Azərbaycanda karantin rejimi yumşaldıldıqdan sonra son günlər infeksiyaya yoluxma halı bir neçə dəfə artaraq iyunun 3-də ən yüksək həddə, 325 nəfərə çatıb, 5 nəfər vəfat edib.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Martın 24-dən ölkədə koronavirus pandemiyası ilə bağlı karantin rejimi elan edilib. Karantin rejimi iyunun 15-nə kimi uzadılsa da, aprelin 27-dən başlayaraq mərhələlərlə bir xeyli yumşaldılıb.

Amma ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili qadağan edilib.

XS
SM
MD
LG