Avqustun 1-də Azərbaycanda koronavirus infeksiyasına 279 yeni yoluxma faktı qeydə alınıb, 592 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə avqustun 1-də Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib: “İndiyədək Azərbaycanda ümumilikdə 32 157 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 26 474 nəfər müalicə olunaraq sağalıb, 454 nəfər vəfat edib, aktiv xəstə sayı 5 229 nəfərdir”
Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 7 283, ötən müddət ərzində isə ümumilikdə 732 236 test aparılıb .
Ötən həftə Səhiyyə Nazirliyi isə vurğulamışdı ki, 12 mindən çox insan da bu virusla bağlı əlavə evdə müalicə alır və ya karantində saxlanır.
Müşahidələr göstərir ki, son günlər ölkədə aşkarlanan yoluxma sayında azalma baş verir. İyulun 31-də Azərbaycanda 318 yeni yoluxma faktı qeydə alındığı açıqlanıb.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi iyulun 5-dən avqustun 5-dək uzadılıb.
Bundan əlavə, 2020-ci il iyulun 4-dən avqustun 5-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb.
Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda avqustun 5-dək şənbə və bazar günləri bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır.
Virusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilib.
Xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Siyəzən və Şəki rayonları ərazisində avqustun 5-dək bir çox iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilmir.