Fevralın 18-də Azərbaycanda koronavirus infeksiyasına 145 yeni yoluxma faktı qeydə alınıb, 155 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.
Bildirilib ki, son sutkada 3 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 232 636 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 227 271 nəfər müalicə olunaraq sağalıb, 3 190 nəfər vəfat edib. Hazırda 2 175 aktiv xəstə var.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7216, bu günə qədər isə ümumilikdə 2 528 610 test icra olunub.
Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, iki mərhələdən ibarət olan vaksinasiya prosesinin birinci mərhələsi fevralın 1-də başa çatıb. Fevralın 17-dən 50 yaşdan yuxarı şəxslər vaksinasiya olunur.
Nazirlər Kabineti bildirir ki, indiyədək ölkəyə cəmi 848 min doza vaksin gətirilib.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Həmin vaxtdan tətbiq edilən xüsusi karantin rejimi bu il aprelin 1-dək davam edəcək.
Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.