Azərbaycanda COVID-19 infeksiyasına son sutkada 3583 yoluxma faktı qeydə alınıb, 1644 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 30 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 398 min 34 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 348 min 454 nəfər müalicə olunaraq sağalıb, 5 min 370 nəfər vəfat edib. Aktiv xəstə sayı 44 min 210 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 min 508, bu günə qədər isə ümumilikdə 4 milyon 344 min 428 test icra olunub.
Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb. Bu günə qədər ölkədə vurulan vaksinlərin ümumi sayı 6 milyon 249 min 673-ə, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 772 min 533, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 477 min 140 nəfərə çatıb.
Azərbaycan Səhiyyə nazirinin birinci müavini Teymur Musayev bildirib ki, ölkədə koronavirusun üçüncü dalğası yaşanır.
"Koronavirusa yoluxma sayının artmasına səbəb "delta" ştamıdır," nazir müavini yerli mediaya müsahibəsində qeyd edib.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.
Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.
İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.
İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.
Ölkədə sentyabrın 1-dən COVİD-19 pasportu tətbiq ediləcək. Böyük ticarət mərkəzlərinə, ictimai iaşə obyektlərinə, iş yerlərinə COVID-19 pasportu olanlar buraxılacaq.