Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 147 yeni yoluxma faktı qeydə alınıb, 236 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 231,509 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 225,914 nəfər müalicə olunaraq sağalıb, 3,167 nəfər vəfat edib, aktiv xəstə sayı 2,428 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7,298, ötən müddət ərzində isə ümumilikdə 2,470,908 test aparılıb.
Azərbaycanda yanvarın 18-dən başlayaraq vaksinasiya başlanıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, iki mərhələdən ibarət olan vaksinasiya prosesinin birinci mərhələsi fevralın 1-də başa çatıb. Fevralın 8-dən 65 yaşdan yuxarı şəxslər vaksinasiya olunur.
Nazirlər Kabineti bildirir ki, indiyədək ölkəyə cəmi 848 min doz vaksin gətirilib.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Həmin vaxtdan tətbiq edilən xüsusi karantin rejimi bu il aprelin 1-dək davam edəcək.
Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.