Azərbaycanda yeni növ koronavirus infeksiyasına son sutkada 4 010 yoluxma faktı qeydə alınıb, 2 898 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 41 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 417 min 996 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 361 min 128 nəfər müalicə olunaraq sağalıb, 5 min 553 nəfər vəfat edib. Aktiv xəstə sayı 51 min 315 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 min 536, bu günə qədər isə ümumilikdə 4 milyon 431 min 53 test icra olunub.
Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb. Bu günə qədər vurulan vaksinlərin ümumi sayı 6 milyon 687 min 806, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 42 min 976, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 644 min 830 nəfər təşkil edir.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə noyabrın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.
Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.
İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.
İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.
Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq ediləcək. Böyük ticarət mərkəzlərinə, ictimai iaşə obyektlərinə, iş yerlərinə COVID-19 pasportu olanlar buraxılacaq.