Accessibility links

Azərbaycanda koronavirusa 57 yeni yoluxma qeydə alınıb, 68 nəfər sağalıb


Koronavirus
Koronavirus

Aprelin 17-də Azərbaycanda 57 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 68 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Opertiv Qərargah məlumat yayıb.

Bugünkü açıqlamaya görə koronavirus infeksiyasından ölən olmayıb.

Məlumatda deyilir ki, hazırkı dövrədək Azərbaycanda 1340 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 528 nəfər müalicə olunaraq sağalıb, 15 nəfər vəfat edib, 797 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 26 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 86607 test aparılıb.

Öz növbəsində prezident İlham Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və iqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda çıxışı zamanı deyib ki, Azərbaycanda karantin rejimi uzadılacaq.

“Karantin rejimi aprelin 20-nə qədər nəzərdə tutulurdu. Ancaq mütəxəssislərin vahid fikrinə görə, karantin rejimi uzadılmalıdır. Hesab edirəm ki, bu, düzgün addım olacaq, çünki müsbət dinamika hələ ki, ilk təzahürlərini göstərməkdədir. Biz bu dinamikanı dayanıqlı etməliyik. Ona görə Operativ Qərargah yaxın vaxtlarda bu məsələ ilə bağlı məlumat verəcək. Karantin rejiminin uzadılması yeganə düzgün qərardır,” prezidnet qeyd edib.

Martın 14-dən Azərbaycanda bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər dayandırılıb. Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib.

65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına qadağa tətbiq edilib. Martın 31-dən aprelin 20-nə kimi paytaxt Bakıda metroda fəaliyyət dayandırılıb.

Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

Verilən məlumata görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər.

XS
SM
MD
LG