Accessibility links

Azərbaycanda koronavirusdan 8 nəfər vəfat edib


Koronavirus
Koronavirus

Yanvarın 23-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 162 yeni yoluxma faktı qeydə alınıb, 705 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 228 688 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 219 724 nəfər müalicə olunaraq sağalıb, 372 nəfər vəfat edib, aktiv xəstə sayı 5 892 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 522, ötən müddət ərzində isə ümumilikdə 2 354 473 test aparılıb.

Yanvarın 18-dən başlayaraq ölkədə Çin istehsalı olan "CoronaVAC" vaksini ilə vaksinasiya başlayıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, iki mərhələdən ibarət olan vaksinasiya prosesinin birinci mərhələsi fevralın 1-də başa çatacaq.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva bildirib ki, əhalinin 60 faizdən çoxu qısa müddət ərzində kütləvi şəkildə vaksinasiya olunarsa, bu zaman təsirli nəticədən danışmaq olar.

Onun sözlərinə görə, Azərbaycan Çin istehsalı olan “Sinovac” şirkətinin "CoronaVAC" peyvəndinə üstünlük verir.

“İkitərəfli danışıqlar davam etdirilir. Yaxın gələcəkdə ölkəmizə digər vaksinlərin də gətirilməsi nəzərdə tutulub. Ümid edirəm ki, ilin sonunadək başqa vaksinlərdən faydalanmaq imkanımız olacaq".

Həkim-infeksionist bildirib ki, Azərbaycanda COVID-19 və ya başqa xəstəlik əleyhinə peyvənd üçün məcburiyyət yoxdur.

“Ölkəmizdə də bu proses tam könüllü əsaslarla aparılacaq. Məcburiyyət olmasa da çalışırıq ki, insanları maksimum şəkildə bu prosesə cəlb edək. Vətəndaşlara vəziyyəti düzgün izah etməklə onların könüllülüyünü təmin etmək lazımdır,” o qeyd edib.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Həmin vaxtdan ölkədə tətbiq edilən xüsusi karantin rejimi bu il aprelin 1-dək davam edəcək.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburi hesab olunur.

Dünyaya Baxış

Dünyaya Baxış. Bakıda COP29 işinə başlayıb
please wait

No media source currently available

0:00 0:09:14 0:00
XS
SM
MD
LG