Accessibility links

Azərbaycanda koronavirusdan vaksinasiya olunanların sayı açıqlanıb


Fevralın 23-nə qədər Azərbaycanda 200 mindən artıq vətəndaş COVID-19 infeksiyasına qarşı vaksinasiya edilib.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Qurumdan bildirilib ki, ölkə üzrə peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir: "Strategiyaya əsasən, hazırkı mərhələdə 50 yaş və daha yuxarı şəxslərin vaksinasiyası həyata keçirilir. Fevral ayının 23-ü üçün 200 mindən artıq vətəndaş COVID-19 xəstəliyinə qarşı vaksinasiya edilib".

Səhiyyə Nazirliyi vətəndaşları vaksinasiya prosesində aktiv iştirak etməyə çağırıb: "Xüsusən yaşı 50-dən yuxarı olan şəkərli diabet xəstələrini COVID-19 virusuna qarşı vaksinasiyaya dəvət edirik. 50 yaş və daha yuxarı şəxslər randevu.its.gov.az saytına daxil olaraq "COVID-19 vaksin randevu" elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir".

Nazirlikdən əlavə olunub ki, elektron xidmət vasitəsilə qeydiyyatdan keçməkdə çətinlik çəkən şəxslər ərazi üzrə poliklinikaya zəng edərək məlumat verməlidir: "Bu zaman qeydiyyatçı həmin şəxs üçün sözügedən elektron xidmət vasitəsilə onlayn növbənin götürülməsini təmin edir".

Azərbaycanda vətəndaşlara hansı vaksinlər vurulub?

Azərbaycanda yanvarın 18-dən başlayaraq vaksinasiya başlanıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, iki mərhələdən ibarət olan vaksinasiya prosesinin birinci mərhələsi fevralın 1-də başa çatıb. Fevralın 8-dən 65 yaşdan yuxarı şəxslər vaksinasiya olunur.

Nazirlər Kabineti bildirir ki, indiyədək ölkəyə cəmi 848 min doza vaksin gətirilib.

Azərbaycan Səhiyyə Nazirliyi isə Sputnik V və Astra Zeneca vaksinlərinin birgə tətbiqi üçün ölkədə kliniki tədqiqatlar aparılmasına icazə verib. Nazirlik bildirir ki, tədqiqatların fevralın sonuna qədər başlanılması nəzərdə tutulur.

Koronavirus pandemiyası

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.4 milyondan çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə indiyədək ümumilikdə 233 min 201 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan 3 min 202 nəfərin vəfat etdiyi açıqlanıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Həmin vaxtdan tətbiq edilən xüsusi karantin rejimi bu il aprelin 1-dək davam edəcək.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

XS
SM
MD
LG