Açıq Azərbaycan portalı “Azərbaycanda korrupsiya: son 5 il” adlı hesabat dərc edib. Hesabat hüquqşunas və iqtisadçılardan ibarət ekspert qrupu tərəfindən hazırlanıb.
Sənədin əsas hədəfi 2013-2018-ci illərdə Azərbaycanda korrupsiyanın vəziyyətinin praktiki aspektlərini və hökumətin beynəlxalq platformalarda anti-korrupsiya ilə bağlı götürdüyü öhdəliklərin icra vəziyyətini qiymətləndirməkdir.
“Azərbaycan korrupsiya səviyyəsinə görə beynəlxalq dəyərələndirmələrə əsasən yalnız öz bölgəsində və ya keçid iqtisadiyyatlı neft-qaz ölkələri arasında deyil, bütün dünyada neqativ nümunə kimi göstərilən ölkələrdən biridir”, hesabatda deyilir.
Sənəd ədliyyə sistemini, sosial sahəni, dövlət satınalmalarını və sahibkarlıq sahələrini əhatə edir.
Hesabatda korrupsiyanın rüşvət, nepotizm, hədiyyə vermə, mənimsəmə, nüfuzdan istifadə etmə, “geri pay alma” və digər növlərinə dair faktlar və hallar yer alır. Həmçinin hesabat kiçik korrupsiya və böyük korrupsiya, sistemli korrupsiya və qeyri-mütəşəkkil korrupsiya hallarını əhatə edir.
Hər bir sahə üzrə son 5 ildə qanunvericilikdə və praktikada korrupsiya hallarına təsir göstərən amillər təsvir olunur. Hesabatda son dövlər beynəlxaq təşkilatların müxtəlif hesabatları və həmçinin korrupsiya halları ilə bağlı etibarlı media xəbərlərindən istifadə olunub.
“Hazırki hesabatda korrupsiyanın rüşvət, nepotizm, hədiyyə vermə, mənimsəmə, nüfuzdan istifadə etmə, “geri pay alma” və digər növlərinə dair faktlar və hallar yer alır. Həmçinin hesabat kiçik korrupsiya və böyük korrupsiya, sistemli korrupsiya və qeyri-mütəşəkkil korrupsiya hallarını əhatə edir”, sənəddə qeyd edilir.
Hesabatın tövsiyyələr hissəsində deyilir ki, məhkəmələrdəki korrupsiya hallarını bütün digər sahələrdə korrupsiyanın, qanunsuzluğun yaranmasına təsir edən birbaşa amil kimi qeyd etmək olar.
“Bunu nəzərə alaraq həm məhkəmələrin, həm hüquq-mühafizə orqanlarının, həm də vəkillərin fəaliyyətində müstəqillik və şəffaflığa nail olmaq tövsiyyə olunur.”
Ekspertlər qrupu hesab edir ki, istintaq işlərinin müəyyən qismi prokurorluq orqanlarından alınıb polis orqanlarına verilməlidir.
“Məhkəmə prosesləri açıq keçirilməlidir. Vətəndaş cəmiyyətinin ədliyyə sisteminə nəzarəti təmin edilməlidir. Vəkillər Kollegiyasına üzvlük prosesinin sadələşdirilməsi və tərkibin daha da artırılması vacibdir.”
Hesabatda vətəndaşların rifahını yaxşılaşdırmaq, yoxsulluq səviyyəsini azaltmaq məqsədi ilə sosial sahədə növbəti islahatlar tövsiyyə olnur.
“Yaşlılıq və əllilik üzrə təqaüdlərin, təhsil və səhiyyə işçilərinin maaşlarının artırılması, icbari sığorta sisteminin yaradılması, dövlət xəstəxanalarında növbəyə durmaq üçün vahid elektron sistemin yaradılması, satınalmalar sahəsində şəffaflığa və effektivliyə nail olmaq üçün Azərbaycan rəsmilərinin öz sərvətlərini, gəlirlərini, maliyyə vəziyyətlərini açıqlamasına dair qanunveriliyin dəyişdirilməsi zəruri addım kimi dəyərləndirilir,” sənəddə qeyd edilir.
Açıq Azərbaycan portalı 2017-ci ilin iyulunda nəşrə başlayıb. Portalın əsas hədəfi Azərbaycan vətəndaşlarını narahat edən sosial-iqtisadi problemlər, korrupsiya, hökumətin hesabatlılığı və insan hüquqları kimi problemləri internet istifadəçilərinə çatdırmaq və onların həlli üçün qərar qəbul edənlərə təsir göstərməkdir.
Azərbaycan hökuməti ölkədə korrupsiyaya qarşı hüquqi və islahatlar yolu ilə mübarizə aparıldığını bildirir. Rəsmi məlumatlara görə, ölkənin bir neçə nazirliyinin yüksək vəızifəli şəxsləri, o cümlədən çoxsaylı məmurlar korrupsiya cinayəti ilə həbs edilib.