Accessibility links

Azərbaycanda müxalifətçi olmaq ailə üzvlərinə risk yaradırmı?


Zümrüd Yağmur
Zümrüd Yağmur

Azərbaycanda müxalifətçi olmaq ailə üzvlərinə risk yaradırmı?

Müxalif siyasətçilərin uşaqlarına təzyiqlərlə bağlı şikayətlər zaman-zaman Azərbaycanda müzakirə mövzusu olub. Hələ, 2003-cü il prezident seçkilərindən sonra, Müsavat Partiyasının təmsilşilərindən Mirbaba Babayevin oğlunun məktəbdən qovulmasına aid şikayətlər uzun müddət müzakirələrə səbəb olmuşdu.

Bu həftə isə, aprelin 17-də Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının məktəbli qızının küçədə fiziki zorakılığa məruz qalması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər gündəmi bir xeyli məşğul etdi.

Bu hadisəni törətdiyi bildirilən Tural Qarayev adlı şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham olunaraq 15 sutka inzibati cəza aldı.

Fuad Qəhrəmanlın xanımı, yazıçı Zümrüd Yağmur hadisədən sonra qızının üzun müddət izləndiyini açıqlayıb. O, məhkəmə qərarından da narazı qalıb və verilən cəzanı yüngül sayıb.

Onun bu açıqlamasına Tural Qarayev və rəsmi qurumlardan, hələlik, münasibət almaq mümkün olmayıb. Amma saxlanmazdan əvvəl Tural Qarayev kimi təqdim edilən şəxsin hadisə ilə bağlı sosial şəbəkələrdə video müraciəti yayılıb.O məktəbli qızın ailəsini xaricə işləməkdə ittiham edib.

Baş verənlər indi bəzi müşahidəçilərdə belə bir sual yaradıb. Azərbaycanda müxalifətçi olmaq ailə üzvlərinə, xüsusilə də uşaqlara risk yaradırmı?

Məhərrəm Zülfüqarlı
Məhərrəm Zülfüqarlı

​Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı məsələni belə dəyərləndirdi:

“Birincisi, Azərbaycan xalqının mentaliteti var, kişinin işi kişi ilə olmalıdır, onun ailəsi, yaxud qadınına toxunmaq uyğun deyil. İstər iqtidar, istərsə də müxalifət olsun. Biz həmişə demişik ki, Azərbaycanda sağlam siyasət olmalıdır. Kimin kiminlə sözü varsa, özünə deməlidir, ailəsi barədə danışmamalıdır. Müxalifət və ya iqtidar nümayəndəsinin bir-birinin ailəsi haqda danışmaları qəbuledulməzdir.

“Eyni zamanda, hər iki tərəfdə...”

Məhərrəm Zülfüqarlı məlum olayı pislədiyini qeyd edərək əlavə edir ki, iqtidarda da, müxalifət də bu məsələdə sağlam fikir nümayiş etdirən insanlar var:

“Eyni zamanda, hər iki tərəfdə dar düşüncəli, şəxsi mənafeyi üçün hadisələri qızışdırmaq istəyən, hamıya düşmən münasibət bəsləyən radikallar var. Çalışmaq lazımdır ki, hər iki cəbhədə belə insanların düşüncəsi dəyişsin. Nəticədə siyasi mübarizədə sağlam rəqabət olsun.

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı isə vurğulayıb ki, əvvəllər də siyasi fəalliyyətlə məşğul olan insanların yaxınları müxtəlif təzyiqlərə məruz qalıb:

“Onlar ya işdən çıxarılıb,...”

Bəşir Süleymanlı
Bəşir Süleymanlı

“Onlar ya işdən çıxarılıb, yaxud kiçik biznes obyekti varsa qapadılıb. Bununla bərabər, mühacirətdə olanların çıxışına görə də, yaxınları həbs olunub. Məsələn, MeydanTV-nin rəhbəri Emil Millinin, “ Azadlıq” qəzetinin redaktoru Qənimət Zahidin qohumlarının həbs olunması buna sübutdur. Bu hallar uzun illərdi davam edir. Təbii ki, bu tənqid olmalıdır, insanların ailə üzvləri və qohumlara da təqiblərə və təzyiqlərə məruz qalmamalıdır. Çünki bu insanlar da öz fikirlərinə görə azaddırlar”.

Bəşir Süleymanlı deyir ki, hətta fərqli fikir söyləməyə görə, nəinki insanın yaxını, heç özü də təzyiqə məruz qalmamalıdır:

“Biz mübahisələndirə bilmərik ki, onların ailə üzvləri yaxınlarının fikirini bölüşür və ya bölüşmür. Fərqli fikirləri bölüşüb, bölüşməməsi də onların şəxsi işləridir, fərq etməz. Ona görə də hökümətin siyasi proqramını tənqid etməsi insanın ailə üzvlərinin təqibə və yaxud təzyiq üçün əsas yarada bilməz. Bu yanaşma qınanmalıdır.

Azərbaycan rəsmiləri isə bəyan edirlər ki, ölkədə heç kimin siyasi baxışlarına görə, özü, ailəsi basqı və ayrıseçkiliyə məruz qalmır. Onların fikrincə belə tənqidlər əsasız və qərəzlidir.

AzadlıqRadiosu

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG