Sentyabrın 22-də Azərbaycan məktəblərinin ibtidai siniflərində, sentyabrın 29-da isə orta və yuxarı siniflərdə əyani dərslərə başlanılacaq.
Bu barədə bu gün, sentyabrın 7-də təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, sentyabrın 29-dan həmçinin ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri açılacaq.
Nazirin sözlərinə görə, artıq 82 %-ə yaxın təhsil işçisi vaksinasiyadan keçib. Bu da 169 862 nəfər təhsil işçisi deməkdir.
“Ümumilikdə vaksin olunanlardan 138 mindən çox təhsil işçisi hər iki dozanı qəbul edib.”
Azərbaycan məktəblərində tədris 5 günlük qrafik üzrə aparılacaq.
2020-ci ilin martından koronavirus pandemiyası ilə əlaqədar dərslər distant təhsil formasına keçirilib.
Sonra hibrid forma – həm onlayn, həm də əyani tədris tətbiq edilməyə başlanıb.
Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.
Bu günə qədər vurulan vaksinlərin ümumi sayı 7 milyon 236 min 381, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 359 min 737, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 876 min 644 nəfər təşkil edir.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə noyabrın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.