Accessibility links

Azərbaycanda meşə yanğınları davam edir


Qubada meşə yanğını

Azərbaycanda isti havaların davam etməsi meşə yanğınlarına rəvac verib. Belə ki, Şabran (Bakıdan 122 kilometr şimal) və Quba (Bakıdan 167 kilometr şimal) rayonlarında meşə massivlərində yanğınlar davam edir. Avqustun 20-də isə Lənkəran (272 kilometr cənub) rayonunda meşə massivində yanğın başlayıb.

Daxili İşlər Nazirliyi Facebook səhifəsində bildirir ki, avqustun 19-da səhər saatlarında Şabran rayonu dağlıq ərazidən başlayan yanğın Quba rayonu Zərqova inzibati ərazi dairəsi ərazisində yerləşən dağlıq və meşəlik ərazilərinə qədər genişlənib. Hadisə yerində Quba Rayon İcra Hakimiyyətinin, Quba Rayon Polis Şöbəsinin, Fövqəladə Hallar Nazirliynin əməkdaşları və yerli sakinlər yanğının qarşısının alınmasında fəal iştirak edir

Quba rayonunda meşə yanğını
Quba rayonunda meşə yanğını

Zərqova ərazisindəki yanğının bir hissəsi tez bir zamanda söndürülüb. Alovun qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə avqustun 20-də Hirkan Milli Parkının Lənkəran rayonunun Təngivan kəndi yaxınlığında dağlıq ərazidə yanğın başlayıb. İlkin məlumata əsasən mürəkkəb relyefli dağlıq ərazidə 1,5 hektar sahədə quru ot, kol-kos və seyrək ağaclıq yanır.

Yanğının söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülkü Müdafiə Qoşunlarının və Cənub Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

XS
SM
MD
LG