Accessibility links

Azərbaycanda Meşələr Günü - meşələr ölkə ərazisinin 11,4 faizini təşkil edir


Meşə

Martın 21-də dünyada Beynəlxalq Meşələr Günü qeyd olunur. 2021-ci ildə Beynəlxalq Meşələr Günü bütün dünyada "Meşələrin bərpası: bərpa və rifaha aparan yol" devizi altında qeyd edilir.

Beynəlxalq Meşələr Günü Azərbaycanda da qeyd edilir, meşəbərpa və ağacəkmə tədbirləri həyata keçirilir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 10 min 382 hektar meşə fondu sahələrində meşəbərpa tədbirləri həyata keçirilib. Ölkədə ümumilikdə meşə əkinlərinin, səpinlərinin və meşə-bağlarının sahəsi 21668,6 hektar təşkil edib.

Statistik məlumata görə, respublikada meşə fоndu sahəsi 1213,7 min hektar olmaqla, ümumi ərazinin 14 faizini təşkil edir. Meşə ilə örtülü sahələr isə 1021 min hektardır ki, bu da respublika ərazisinin 11,8 faizini əhatə edir. Ölkənin ümumi meşə ərazilərinin 49 faizi Böyük Qafqazın, 34 faizi Kiçik Qafqazın, 15 faizi Talış dağlarının, 2 faizi isə aran zonasının payına düşür.

“Meşələrin əsas sahəsi Böyük Qafqazın cənub yamacları hissəsindədir - 311,1 min hektar, Qarabağda 187,7 min hektar, Talışda isə 139,7 min hektardır. Əgər dağ zonalarında meşəlilik 18-43 faiz arasında dəyişirsə, aran rayonlarında 0,5-2 faizə qədər azalır. Burada tamamilə meşəsiz olan inzibati rayonlar da mövcuddur. Belə ki, dağ yamaclarında və dağ çaylarının vadilərində meşələr ərazinin 60-95 faizni tutduğu halda, dağətəyi və düzənlik sahələrin yalnız 2-15 faizi meşəlikdir, Naxçıvanda isə 0,4 faiz təşkil edir,” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi Ağaqardaş Qaraşov qeyd edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin digər rəsmisi Namik Xıdırov bildirib ki, Azərbaycanda adambaşına 0,12 faiz meşə sahəsi düşür.

“Azərbaycan meşələrində 450 növə qədər yabanı ağac və kol bitkiləri bitir. Bunlardan 70 növü relikt və endemikdir,” o qeyd edib.

Nazirlik bildirir ki, bu il həmçinin meşələrdə 9,6 hektar sahəyə toxumlar səpilib, 2 hektar çilik kökləndirməsi sahələrinə 93,2 min ədəd çilik basdırılıb.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, bu il ilkin olaraq yaz əkin mövsümündə 200 hektara yaxın meşə fonduna daxil olan ərazidə ağac əkmək nəzərdə tutulub. Payız əkin mövsümündə də bu işlər davam etdiriləcək və bütövlükdə 1000 hektara yaxın ərazidə bu işlər görüləcək.

“Bu il Cəbrayıl, Füzuli, Ağdam, Qubadlı və Zəngilanda yerli şəraitə uyğun ağaclar əkilir, meşəcinsli ağac toxumları səpilir. Builki yaz ağac əkininə Zəngilan rayonunda start verilib. Martın 9-da keçirilən aksiyada 1000-dən çox ağac əkilib. Ümumiyyətlə, mövsüm başlayandan indiyədək 30 rayonun 100 hektar meşə fondu torpağında 100 mindən çox müxtəlif cinsli ağac əkilib, 2200 kiloqram palıd toxumu səpilib. 2020-ci ildə meşə fondu sahələrindən 51 ton meyvə, meşə ağac və kol cinslərinin toxumları tədarük edilib ki, bunların da 1,6 tonu qoz, 0,5 tonu badam, 0,4 tonu digər meyvə ağaclarının, 46,8 tonu palıd, 1,7 tonu digər meşə ağacları və kol cinslərinin toxumlarının payına düşüb,” o qeyd edib.

Ekspertlər hesab edir ki, son dövrlər ölkədə qazlaşdırılma sahəsində aparılan işlər nəticəsində meşə qırıntısı dəfələrlə azalıb

“2017-2020-ci illərdə meşə qanunvericiliyinin pozulması halları 5 dəfəyə yaxın azalıb. 2017-ci ildə özbaşına qırıntıların həcmi 55 min, 2018-ci ildə 26 min kub metrdən artıq, 2019-cu ildə 18 min 733 kub metr, 2020-ci ildə isə 11 min kub metr təşkil edib,” ekologiya məsələləri üzrə ekspert Telman Zeynalov bildirib.

Ümumdünya Təbiəti Mühafizə Fondu Qafqaz Proqramı Ofisinin hesabatına görə, meşələr Cənubi Qafqaz ölkələrinin 4 milyon hektar ərazisini tutmaqla hər üç ölkənin ümumi torpaq və daxili su hövzələrinin 22% təşkil edir: Ermənistan 332 min hektar (11.17%), Azərbaycan 990 min hektar (11.4%), Gürcüstan 2,793 min hektar (40.7%) meşə sahəsinə malikdir.

“Regionun iqlim zonalarının geniş müxtəlifliyi torpaq süxurlarının və relyefin rəngarəngliyi ilə birlikdə fərqli meşə formasiyalarının inkişafı üçün əlverişli şərait təmin etmişdir. Regionun təbii meşə formasiyalarına əlavə olaraq, 1990-cı illərdə müxtəlif məqsədlər, o cümlədən torpaq eroziyası riskinin azaldılması, qonşu icmalar üçün odun yanacağının təchizatı üçün yaradılmış 198 min hektar süni salınmış meşə sahələri mövcuddur. Ermənistanda təqribən 55,000 hektar, Azərbaycanda təqribən 59,000 hektar, Gürcüstanda isə 84,000 hektar meşə sahələri salınıb,” hesabatda qeyd edilib.

BMT-nin Baş Assambleyası 2012-ci ildə martın 21-ni Beynəlxalq Meşələr Günü elan edib. Bu gün bütün meşə tiplərinin ekoloji vacibliyi vurğulanır, onların qorunmasına və artırılmasına diqqət yönəldilir. Hər il bu gün ölkələrdə ağacəkmə aksiyaları, regional və beynəlxalq fəaliyyətlər, təşviqat və təbliğat işləri ilə yadda qalır.

XS
SM
MD
LG