Accessibility links

Azərbaycanda muzdla işləyənlərin 50 faizi 343 manat və daha aşağı maaş alır


Manat
Manat

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilk dəfə olaraq median əmək haqqının məbləğini açıqlayıb, 2020-ci ildə ölkədə median əmək haqqı 343 manat təşkil edib.

Median əmək haqqı iqtisadiyyatda maaş cədvəlinə qol çəkən bütün işçilərin sayını ikiyə böldükdə həmin bölünmə nöqtəsinə düşən məbləğə bərabərdir. Yəni median əmək haqqı o göstəricidir ki, həmin rəqəmdən çox və az maaş alan işçilərin sayı eynidir.

Başqa sözlə, statistik məlumatlara görə Azərbaycanda təxminən 1 milyon 600 min muzdla işləyən işçi var. Belə görünür ki, onların təxminən 800 min nəfərinin median əmək haqqı 343 manat və ondan aşağı səviyyədədir.

Hazırda orta maaşın 700 manatdan bir qədər yüksək olduğunu nəzərə alsaq, deməli, median maaş orta əmək haqqının 48%-nə bərabərdir.

İqtisadçı-ekspert Rövşən Ağayev yazır ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının tərtib etdiyi statistikasına görə median və orta məvacib arasında fərq inkişaf etmiş və bir sıra Şərqi Avropa ölkələrində 10-25% arasında dəyişir. Azərbaycanda isə bu iki göstərici arasında fərq 2 dəfədən çoxdur.

Ekspert bu göstərici üzrə Azərbaycana yaxın olan ölkələrdən Rusiyanı nümunə göstərir. Rusiya Federasiyasında median maaş orta əmək haqqının 71%-nə bərabərdir.

“Bir qayda olaraq, yüksək maaşla minimum əmək haqqı arasında fərqin böyük olduğu, eləcə də daha çox insanın aşağı maaşla çalışdığı ölkələrdə Azərbaycana bənzər mənzərə alınır: median maaş orta əmək haqqından əhəmiyyətli dərəcədə aşağı, minimum maaşa isə daha yaxın olur,” iqtisadçı qeyd edir.

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqladığı statistikada özəl və dövlət sektorunun hər biri üzrə median maaşın məbləği ayrıca göstərilməyib.

2020-ci ildə Azərbaycanda minimal əmək haqqı 250 manat təşkil edib.

XS
SM
MD
LG