Accessibility links

Səhiyyə naziri: Azərbaycanda omikron ştammına yoluxma halı qeydə alınmayıb


“Bu günədək Azərbaycanda omikron ştammına yoluxma halı qeydə alınmayıb.”

Bu barədə səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahının bu gün, dekabrın 28-də keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, omikron variantı ilə bağlı vəziyyət diqqət mərkəzindədir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva isə bildirib ki, hazırda ölkədə epidemioloji vəziyyət stabildir, koronavirusa yoluxma göstəricisi aşağı enib.

Onun sözlərinə görə, son dəfə bu ilin noyabrın əvvəlində yoluxma sayında artım qeydə alınıb.

“Həmin dövrdə yoluxma faizi 21-ə çatmışdı. Ölkədə vaksinasiya strategiyası başlayandan bu günə qədər vaksinasiya təsiri altında heç bir qapanmalara getmədik,” Qarayeva qeyd edib.

Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümovun sözlərinə görə, gələn il fevralın 15-dən sonra vaxtı keçmiş COVID-19 pasportu ilə qapalı məkanlara giriş qadağan ediləcək. Xatırladaq ki, COVİD-19 pasportunun müddəti 6 aydır.

Səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev deyib ki, Azərbaycanda hazırda Türkiyə istehsalı olan TURKOVAC vaksininin üçüncü faza sınaqları gedir.

“Vaksinlə bağlı rəsmi sənədləşmə bitib və Azərbaycana təqdim olunub. Vaksinin üçüncü fazada təsdiqinə müsbət rəy verilib,” o qeyd edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 376 yeni yoluxma faktı qeydə alınıb, 887 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 615 min 312 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 596 min 545 nəfər müalicə olunaraq sağalıb, 8 min 324 nəfər vəfat edib, aktiv xəstə sayı 10 min 443 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 min 784, ötən müddət ərzində isə ümumilikdə 5 milyon 832 min 974 test aparılıb.

XS
SM
MD
LG