Accessibility links

"Azərbaycanda penitensiar islahatlara əlavə dəstək-2” layihəsi həyata keçirilir


"Azərbaycanda penitensiar islahatlara əlavə dəstək-2” layihəsinin təqdimatı

Mayın 8-də Bakıda Avropa Şurası və Avropa Birliyinin "Azərbaycanda penitensiar islahatlara əlavə dəstək-2" (SPERA-2) adlı birgə layihəsinin açılış tədbiri keçirilib.

Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyeş layihənin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu, 2 illik layihənin həyata keçirilməsində Azərbaycan Ədliyyə Nazirliyi ilə əməkdaşlıq edəcəklər.

Hernyeş qeyd etdi ki, məhkumları təcrid etməklə iş bitmir, onlarla işləmək lazımdır. Bu məsələdə qeyri-hökümət təşkilatlarının rolu böyükdür.

O həmçinin vurğulayıb ki, 2020-ci ildə Avropa Şurasının işgəncələr Əleyhinə Komitəsinn nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir.

"Komitənin hesabatı bu proqramı nəzərə alınmaqla hazırlanacaq,” o qeyd edib.

Azərbaycanda hər 100 min nəfərə 235 məhbus düşür və bu göstəricilərə görə ölkə regionda 3-cü yer tutur. Məhbusların arasında ölüm səviyyəsi çox yüksəkdir.
Zoltan HernyesŞ Avropa Şurasının Bakı ofisinin rəhbəri

Zoltan Hernyeş həmçinin deyib ki, Azərbaycanda hər 100 min nəfərə 235 məhbus düşür və bu göstəricilərə görə ölkə regionda 3-cü yer tutur. Məhbusların arasında ölüm səviyyəsi isə çox yüksəkdir.

Azərbaycan ədliyyə nazirinin müavini, penitensiar xidmətin rəhbəri Ceyhun Həsənov bildirib ki, 2006-cı ildən etibarən Penitensiar Xidmətin əməkdaşları sistematik olaraq beynəlxalq treninqlərdə və tədbirlərdə iştirak edir.

"Son illərdə məhbusların hüquqları daha yaxşı səviyyədə təmin olunur, onlara göstərilən tibbi xidmətin səviyyəsi yaxşılaşıb. Fəaliyyət planı hazırlanıb və onun əsasında həkimlərin peşəkarlığı artırılıb."

Həsənov həmçinin 1, 4 və 16 saylı cəzaçəkmə müəssisələrində keçirilən pilot layihəsindən və onun uğurlu həyata keçirilməsindən danışıb.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib ki. SPERA-2 əvvəlki layihənin davamıdır və 2 il sonra onun uğurlu nəticələrinin olacağına əmindir.

O, Azərbaycan və Avropa İttifaqı arasında sazişin imzalanması məsələsinə də toxunub.

"Hazırda danışıqlar gedir, bəzi məqamlar müzakirə olunur. Söz vermək istəmirəm, amma deyə bilərəm ki, iş gedir. Mən əminəm ki, bu saziş münasibətləri yeni mərhələyə çatdıracaq. Bu, insan haqları, demokratiya, bazar iqtisadiyyatın inkişafı üçün çox vacibdir. Bizim əməkdaşlığımız sıx və davamlıdır."

Yankauskas deyib ki, Avropa İttifaqı prezidnet İlham Əliyevin mart ayında imzalandığı əfv fərmanını alqışlayır, yeni addımlar gözləyir.

O, həmçinin 3 aprel tarixində imzalanmış Məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi haqqında fərmanı da müsbət qiymətləndirib.

Səfir qeyd edib ki, məhbuslara qarşı humanizm nümayiş etdirmək lazımdır.

"Biz dövlətin öz vətəndaşlarına münasibətinə baxırıq. Əgər bu münasibət ədalətlidirsə, biz həmin ölkədə investisiyaları və bazar iqtisadiyyatını dəstəkləyirik".

O həmçinin İcbari Tibbi Sığortanın və təhsilin inkişafının vacibliyini vurğulayıb.

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rafael Mehdiyev məhkumlara tibbi yardım göstərilməsindən danışıb.

O bildirdi ki, məhkumların reabilitasiya məsələsinə bu sahədə təcrübəsi olan QHT-lər cəlb olunmalıdır, həmçinin bəzi normativ sənədləri təkmilləşdirmək lazımdır.

"Biz öz tərəfimizdən hər şeyi edirik ki, layihə uğurlu keçirilsin."

Tədbirin digər iştirakçıları Azərbaycanda penitensiar islahatlar və yeni başlayan layihədən gözlənilən nəticələrindən söz açıb.

XS
SM
MD
LG