Yanvarın 1-dən Azərbaycanda qalınlığı 15 mikrona qədər olan polietilen torbaların ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilib.
Bu qadağa “Ətraf mühitin mühafizəsi haqqında” qanuna edilən dəyişikliklərdən sonra qüvvəyə minib.
Azərbaycan prezidenti 2019-cu il fevralın 7-də “Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”nı imzalayıb. Bundan sonra qanunvericiliyə dəyişiklik edilib.
Sənəddə deyilir ki, qalınlığı az olan plastik torbalar çürüməyə qarşı davamlı olduğu üçün təbiətin çirklənməsində daha böyük rol oynayır. Qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilir.
Qanun polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, digər birdəfəlik istifadə üçün nəzərdə tutulan məhsullara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minir.