Accessibility links

Azərbaycanda qələbənin 76-cı ildönümü qeyd edilir


Mayın 9-da Azərbaycanda faşizm üzərində qələbənin 76-cı ildönümü qeyd edilir.

Bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsi anılıb.

Hər il olduğu kimi bu il də Azərbaycan prezidenti müharibə veteranlarına birdəfəlik maddi yardım göstərilməsi barədə sərəncam imzalayıb. Hazırda ölkədə minədək İkinci Dünya Müharibəsi veteranı yaşayır.

Rəsmi məlumatlara görə, 1941-1945-ci illərdə Azərbaycanın 600 min vətəndaşı müharibədə iştirak edib. Onların 300 mindən çoxu həlak olub.

Müharibə zamanı Azərbaycan sovet ordusu üçün yanacaq-sürtkü materiallarının əsas tədarükçüsü olub. Mühərrik yağlarının 90 faizi, benzinin 80 faizi, neftin isə 70 faizi Azərbaycan tərəfindən təchiz olunub.

Azərbaycan Xarici İşlər Nazirliyinin faşizm üzərində qələbənin 76-cı ildönümü ilə bağlı yaydığı bəyanatda deyilir ki, müharibə illərində göstərdikləri igidliyə görə 123 Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabit müxtəlif orden və medallarla təltif edilib.

“Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüb, bir çox ölkələrin faşizm əsarətindən azad olunmasında yaxından iştirak edib.”

Nazirlik bildirir ki, Azərbaycan BMT Baş Assambleyasının “Nasizmin qəhrəmanlaşdırılmasına, neonasizmə və irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onlarla əlaqəli dözümsüzlüyün müasir formalarının yayılmasına təkan verən digər hallara qarşı mübarizə” qətnaməsini daim dəstəkləyir.

“Bu il Azərbaycan xalqı ilk dəfədir ki, 1941-1945-ci illər faşizm üzərində Qələbəni 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunmuş böyük zəfərin sevinc hissi ilə birgə ikiqat fəxarətlə qeyd edir. Əcdadlarımızın uğrunda mübarizə apardığı ədalət, nəhayət qələbə çaldı və Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdi.

Azərbaycanın suverenliyi və bütövlüyü uğrunda canından keçmiş bütün oğul və qızlarımız, eləcə də 1941-1945-ci illər müharibəsinin veteranları xalqımızın fəxridir. Onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq,” sənəddə deyilir.

İkinci Dünya Müharibəsi illərində Azərbaycan ərazisində 87 batalyon, 1123 özünümüdafiə dəstəsi, 77-ci, 223-cü, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyası yaradılıb, bu diviziyalar Qafqaz dağının ətəklərindən Pribaltikaya, Şərqi Avropa və Berlinə qədər döyüş yolu keçib.

Ölkə hospitallarında cəbhədə yaralanmış 440 min nəfər müalicə olunub.

Tarixi məlumatlara görə, azərbaycanlılar Almaniya tərəfdə də müstəqil dövlət yaradılması uğrunda döyüşüblər. Müharibə illərində siyasi mühacirlər Azərbaycan Milli Komitəsini yaradıb, komitə almanlar Qafqazı ələ keçirdikdən sonra ölkəyə rəhbərlik edəcəkdi. 1941-ci ildə Qafqaz Müsəlman legionu yaradılıb, 1942-ci ildə adı dəyişdirilərək Azərbaycan (Azerbajdzansche) legionu qoyulub.

Qafqaz cəbhəsində 4 500 azərbaycanlı əsgərdən ibarət 5 batalyon döyüşüb. 1943-cü ilin yayında 162-ci türk piyada diviziyası yaradılıb. 1944-cü ildə Azərbaycan legionu Azərbaycan milli-azadlıq ordusunun birləşmiş qərargahına çevrilib.

Ümumilikdə almanlar tərəfində 38 min Azərbaycan əsgəri və zabiti döyüşüb.

XS
SM
MD
LG