Accessibility links

Azərbaycanda Respublika Günü qeyd edilir


Bu gün, 28 May-Respublika Günüdür.

1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 il ötür.

Bu il son 30 ildə ilk dəfədir ki, Respublika Günü Qarabağda 44 gün sürən hərbi əməliyyatlardan sonra Azərbaycanın beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdiyi şəraitdə qeyd edilir.

Bununla yanaşı, ikinci ildir Respublika Günü bayramı koronavirus infeksiyası ilə bağlı elan edilən karantin dövründə keçirilir. Karantin rejiminə görə Respublika Günü hər il olduğu kimi geniş ictimai tədbirlər, bayram mitinqləri, şənlikləri ilə qeyd edilmir. Buna baxmayaraq çoxsaylı insanlar, həmçinin müxalif siyasi partiyalar Məhəmməd Əmin Rəsulzadənin anadan olduğu Bakının Novxanı kəndindəki heykəlinin önünə gələrək onun xatirəsini yad edir.

Sosial şəbəkələrdə yüz minlərlə insan öz profil fotolarını cümhuriyyət qurucularının portretləri və azad edilmiş Şuşa şəhərinin fonunda yerləşdirib.

Azərbaycan prezidenti, müxalifət lideləri, ziyalılar, ictimai xadimlər, çoxsaylı insanlar bayram münasibəti ilə respublika qurucularının xatirəsini ehtiramla yad edir. Çoxsaylı xarici dövlətlərin liderləri, o cümlədən ABŞ prezidenti Cozef Bayden Respublika Günü münasibəti ilə təbrik imzalayıb.

İstiqlal bəyannaməsi
İstiqlal bəyannaməsi

Azərbaycan Prezidenti İlham Əliyev özünün sosial hesablarında 28 May - Respublika Günü ilə bağlı paylaşım edib. Dövlət başçısının paylaşımında Şuşa şəhərinin fonunda üzərində Azərbaycan bayrağı və 28 May - Respublika Günü sözləri yer alıb.

Milli Şura 1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə Tbilisidə Azərbaycanın müstəqilliyini elan edib. Milli Şuranın qəbul etdiyi İstiqlal Bəyannaməsi bütün müsəlman dünyasında və Şərqdə ilk demokratik parlamentli respublikanın yaradıldığını bəyan edib.

Azərbaycan Xalq Cümhuriyyət 23 aylıq fəaliyyəti dövründə geniş islahatlar gerçəkləşdirib, müstəqil dövlətin atributlarını formalaşdırıb.

Azərbaycan nümayəndə heyəti Paris sülh konfransında
Azərbaycan nümayəndə heyəti Paris sülh konfransında

Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyəti Versal sülh konfransına qatılıb. Onların səyi nəticəsində Birinci Dünya müharibəsinin qalibi olan Antanta dövlətləri Azərbaycanın de-fakto müstəqilliyini tanıyıb.

Parlamentdə Müsavat fraksiyasının lideri Məmməd Əmin Rəsulzadənin təşəbbüsü ilə Bakı Dövlət Universiteti yaradılıb. Cümhuriyyət hökuməti maddi çətinliklərə baxmayaraq, yüz nəfər tələbəni xaricə təhsil almağa göndərib.

Fətəli xan Xoyski və Nəsib bəy Yusifbəylinin baş nazirliyi ilə demokratik prinsiplər əsasında beş dəfə hökumət formalaşdırılıb. Bu hökumətlər müstəqil dövlətin siyasi-iqtisadi əsaslarını möhkəmləndirmək üçün fəaliyyət göstərib.

AXC dövründə çoxpartiyalı parlamentin iclası
AXC dövründə çoxpartiyalı parlamentin iclası

1920-ci il aprelin 27-də Sovet Rusiyasının Azərbaycanı işğal etməsi nəticəsində Xalq Cümhuriyyəti süqut edib. Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları xaricə mühacirət etməyə məcbur edilib. Baş nazirlər Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli qətlə yetirilib, digər görkəmli dövlət xadimlərinin ailələri və yaxınları repressiyalara məruz qalıb.

71 il sonra, 1991-ci ildə Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa edib.

Müstəqil Azərbaycan Respublikası Cümhuriyyətin hüquqi varisidir və Respublika Günü bu gün Azərbaycanda dövlət və ümumxalq səviyyəsində qeyd olunur.

Respublika Günü Azərbaycanda 1990-cı ildən dövlət bayramı kimi qeyd edilir.

Məhəmməd Əmin Rəsulzadə Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra mühacirətə gedib və ömrünün sonunadək Türkiyədə yaşayıb, 1955-ci il martın 6-da orada vəfat edib.

Mühacirətdə olarkən Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə 1953-cü il mayın 28-də Amerikanın Səsi radiosu vasitəsilə Azərbaycan xalqına müraciət edib.

please wait

No media source currently available

0:00 0:04:33 0:00

Amerikanın Səsinin arxivində qorunub saxlanan müraciətini təqdim edirik:

“Mədəniyyət tariximizin şanlı fikir adamları tərəfindən alqışlanan azadlıq və istiqlal fikri məmləkətimizdə yerləşib və bu, irəli dünya demokratiyası tərəfindən də təqdirlə qarşılanırdı. Yüz ildən bəri üstümüzə çökən istibdad və istila həyulatı artıq bizdən uzaqlaşırdı. Heyhat, qədərin imtanları tamam deyilmiş. Qanlı çar istibdadının yerini bu dəfə ondan daha qanlı bolşevik istibdadı tutdu. Azadlıq və istiqlalımız qızıl istilaçıların qanlı ayaqları altında əzildi. Müqavimət edən məmləkətdə qan gövdəyə çıxdı.

Bundan bir ay əvvəl 28 apreldə sovet propaqandçıları bu fahiş istila hadisəsini sizə bir azadlıq və istiqlal hadisəsi kimi göstərdilər. Sözdə sizə dünyanın ən azad və ən demokrat bir rejimi kimi qələmə verilən sovet quruluşu işdə ən qəddar və ən yalançı bir istibdad rejimidir. Müqayisə etmək imkanında olsaydınız, bunun nə dərəcədə doğru olduğunu gözünüzlə görərdiniz. Azadlığınızı əlinizdən alanlar qorxmurlarsa, dəmir pərdəni qaldırsınlar, azadlıq elan etsinlər. Edə bilməzlər, çünki ağla qara meydana çıxar. Onlar şəbbərə kimidirlər, günəşdən qaçarlar.

Azərbaycan və onunla bərabər bütün Qafqasiya cümhuriyyətləri həqiqi azadlıq və istiqlallarına 1918-in mayısında qovuşdular.1920-də isə bu azadlıq və istiqlal qızıl rus ordusu tərəfindən üstün qüvvətlərlə qanla və atəşlə basırıldı. Faciələr və qəhrəmanlarla dolu olan mücadilədə on minlərlə vətəndaş şəhid oldu. 1920 istilasına qarşı 1918 istiqlal haqqını müdafiə edən Qafqasiya millətləri indi 33 ildir ki müxtəlif vasitələrlə mücadilə edirlər. Zaman-zaman dramatik şəkillər alınan bu mücadilədə vaxtılə yalançı kommunist şüarlarına aldanan yol azmış bəzi vətəndaşlar belə bu gün həqiqi millətçilər və vətənpərəstlər cəbhəsinə keçmişlərdir.

Yabançı istilaçı üzərinə əcnəbi məmləkətlərə sığınmış olan Qafqasiya emiqrantları milli istiqlal davasını mədəni dünya əfkari-ümumiyyətinə anlatmaqdadırlar. Bu vəzifəni ifada nə kimi müşküllərə uğradığımızdan burada bəhs etmənin yeri deyildir. Bu qədər demək lazımdır ki, sovetlərdə, kommunist rejiminə düşən millətlərin hər cürə haqq və hüquqdan məhrum qullardan ibarət cəmiyyətlər halına gəldiyini azad dünyaya anlatmaq çox kolay olmamışdır. Şükür ki hadisələr bizə kömək edir. Dünya sovet həqitətini görməyə başlayıb. Səkkiz ildən bəri hərbi bitirmiş ikən sülhə qovuşa bilməyən dünya artıq məsələni anlayır. Bilir ki, azadlıq və insan haqlarını inkar edən kommunistlər müəzzəm bir dövlət halında ayaqda durduqca və dünya inqilab atəşi ilə yandırmaq üçün kibrit çəkdikcə yer üzündə heç zaman sülh və asayiş qurula bilməyəcəkdir. Azadlıq cahanşümul bir fikirdir. Bir tək əsir insan, bir tək əsir millət vaqii qaldıqca dünya həqiqi azadlıq və əmniyyət üzü görə bilməz.

1918 mayısındakı tarixi qərarları ilə azadlıq sevən birləşmiş millətlər cəbhəsində yer alan Qafqasiya millətlərinin müqəddəratları azad millətlərin müqəddəratları ilə bağlanmışdır. Rusiyadan ayrılmanın bir irtica, başqalarından ayrılmanınsa bir inqilab olduğunu söyləyən sovet diktatoru Stalin ölmüşdür. Amma onun ikiüzlü sistemi-stalinizm hələ ayaqdadır. Bu sistem gün keçdikdə dünya həqiqətləri ilə daha çox qarşılaşmaqda, haqqla batil, yalanla doğru üz-üzə gəlməkdədir. Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq. Azadlıq əsasını, birləşmiş millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi qızıl istibdad zülmü altında inliyən əziz vətənimizdə 1918 28 mayıs kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyin əziz vətəndaşlar.

Üçrəngli istiqlal bayrağını döşlərində gəzdirən buradakı vətən ayrısı bizlərdən, orada hər cürə qorxu və təzyiq altında qəlbləri istiqlal eşqilə çırpınan azadlıq ayrısı sizlərə candan salamlar göndərir, 28 mayıs istiqlal qurbanlarının əziz ruhları hüzurunda hörmətlə əyilir və hər iki tərəfi birləşdirən milli böyük həsrəti şairin beytilə dilə gətirirəm: Sən bizimsən, bizimsən, durduqca bədəndə can, yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!”

XS
SM
MD
LG