Accessibility links

"Azərbaycanda sanki heç bir rəsmi şəxs peyvəndlənməyib"


Azərbaycanda bu ilin yanvarından etibarən koronavirusa qarşı vaksinasiya prosesi aparılır. Yeddi ay keçməsinə baxmayaraq, vaksinin hər iki dozasını əhalinin cəmi 24 faizi alıb. Bununla belə, iyuldan vaksinin üçüncü dozasının vurulması prosesinin başladığı bildirilib.

Ekspertlər və rəsmi şəxslər əhalinin böyük bir kəsiminin vaksinasiyaya meyli olmadığını vurğulayırlar və bunu müxtəlif səbəblərlə izah edirlər. Bəzi sosial şəbəkə istifadəçiləri isə iddia edirlər ki, bu məsələlərdə məmurlar xüsusi fərqləndirilirlər, onlar təklif olunan yox, daha keyfiyyətli peyvənd vurdururlar. Bəzi iddialara görə isə, onların bir çoxu, ümumiyyətlə, peyvənd olunmurlar. Bu tip müzakirələrdə o da vurğulanır ki, inkişaf etmiş ölkələrlə müqayisədə Azərbaycanda vəzifəli şəxslər belə məlumatları qapalı saxlayırlar. Yeri gəlmişkən, indiyə qədər ölkə ictimaiyyəti bilmir ki, dövlət başçısı özü hansı vaksinlə peyvənd olunub. Hətta dövlət başçısı bir müddət öncə mətbuat konfransında bununla bağlı xarici jurnalistin sualını da cavabsız qoymuşdu.

Məmurlara vaksinasiya prosesində ayrıseçkilik varmı?

Azərbaycan Səhiyyə Nazirliyindən "Turan"ın bununla bağlı sualına cavab olaraq bildiriblər ki, ölkənin hər vətəndaşının vaksinasiyası üçün eyni şərait yaradılıb və məhz ölkədə olan dörd növ vaksinlərlə peyvəndlənmə davam etdirilir.

Azərbaycanda, əsasən, Çin istehsalı olan "Sinovac" vaksini tətbiq edilir. Amma "Sputnik" (Rusiya), "Pfizer" (ABŞ, Almaniya) və "Vaxzevria" (İngiltərə, İsveç) peyvəndləri də ölkəyə gətirilib.

Ölkədə tibb sahəsinə cavabdeh qurumlar avqustun 25-də də açıqlayıb ki, son elmi tədqiqatlara əsasən, COVID-19 xəstəliyi əleyhinə hər iki doza vaksin almış bütün tibb işçilərinin, yaşı 60-dan yuxarı olanların və immun sistemi zəif şəxslərin üçüncü doza (buster) ilə peyvəndlənmələri tövsiyə edilir. Açıqlamada deyilir ki, "buster" (qüvvətləndirici) adlanan üçüncü dozanın ikinci dozadan altı ay keçdikdən sonra vurulması məqsədəuyğun hesab olunur. "Tədqiqatlara görə, qüvvətləndirici doza kimi istənilən vaksin növü istifadə oluna bilər".

"Birinci növbədə özləri nümunə olmalıdırlar"

İctimai fəal Bəxtiyar Hacıyev isə AzadlıqRadiosuna deyib ki, hakimiyyət rəsmiləri də əhalinin onlara yox, müxtəlif şayiələrə inandıqlarından şikayət edirlər: "Amma özləri dərk etmirlər ki, peyvəndlənmə işində birinci növbədə özləri həm nümunə olmalıdırlar, həm də şəffaf şəkildə bu məlumatları cəmiyyətə təqdim etməlidirlər".

Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

Onun sözlərinə görə, söhbət hansı peyvəndin vurulmasından getmir: "İnsanlar, sadəcə, nümunə kimi dövlət rəsmilərini görməlidirlər ki, onlar peyvəndlənib. Müxtəlif ölkələrdə birinci şəxslər səviyyəsində bu proses media tərəfindən işıqlandırılır. Azərbaycanda isə sanki, ümumiyyətlə, heç bir rəsmi şəxs peyvəndlənməyib kimi görüntü yaranır".

Bəxtiyar Hacıyevin fikrincə, koronavirus pandemiyasının idarə olunmasında cəmiyyətdə onsuz da mövcud olan şübhələrin üzərinə hökumət bir çox addımları ilə əlavə şübhələr yaradıb: "Bakıda bu il "Formula-1" yarışı zamanı həftəsonu da ictimai nəqliyyat işlədi (hazırda işləmir). Statistika aşağı düşdü və insanlarda şübhə yarandı ki, peyvəndlənmə geniş getməyən vaxtlarda yoluxma sayı daha az idi, amma peyvəndlənmə olandan sonra artıbsa, burada şübhəli bir şey var. Bu tip məsələlərdə hökumətin açıq cavabları olmalıdır".

İndiyə qədər Azərbaycan hakimiyyətində yüksək vəzifə daşıyan şəxslərdən yalnız səhiyyə naziri peyvənd olunması ilə bağlı görüntülər yayıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə avqustun 25-nə kimi 398 mindən çox şəxsin bu virusa yoluxduğunun aşkarlandığı, onlardan da 5 min 370-nin vəfat etdiyi bildirilib.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG