Accessibility links

Azərbaycanda sentyabrın 15-dən dərslərin ənənəvi formada bərpası nəzərdə tutulur


Koronavirus
Koronavirus

Azərbaycanda təhsil müəssisələrində sentyabrın 15-dən dərslərin ənənəvi formada bərpa olunması nəzərdə tutulur.

Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov bildirib ki, dərslərin başlanması üçün təhsil işçilərinin 80 faizinin peyvənd olunması ilə bağlı tələb var.

Onun sözlərinə görə, valideynlərin vaksinasiya olunması ilə bağlı hər hansı bir tələb yoxdur.

Sentyabrın 1-dən iri ticarət mərkəzələrinə, dövlət qurumlarına, iş yerlərinə, ictimai iaşə müəssisələrinə COVID-19 pasportu olmayan şəxslər buraxılmayacaq.

COVID-19 pasportu ilə bağlı monitorinqi polis həyata keçirir.

“Monitorinq qruplarına cəlb olunan polis əməkdaşları həm də mülki geyimdə xidmət həyata keçirəcək,” Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev deyib.

O bildirib ki, monitorinqlər həmçinin təhsil müəssisələrində aparılacaq.

“Əyani tədrisə cəlb olunan 18 yaşından yuxarı tələbələrin COVID-19 pasportu olmasa, həmin təhsil müəssisəsinin rəhbərliyi məsuliyyət daşıyacaq,” Hacıyev qeyd edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva ümid edir ki, tədris ilinin başlanmasına qalan 20-25 gün ərzində təhsil işçiləri arasında peyvənd olunanların sayı artacaq.

“Amma unutmayaq ki, məktəb təkcə müəllim və şagirddən ibarət deyil. Valideyn də bu sistemin bir parçasıdır və hətta deyərdim ki, çox əhəmiyyətli bir parçasıdır. Onların övladlarının sağlamlığını, təhsilini düşünərək peyvənd olunmuş müəllim qədər valideyn də məsuliyyət daşıyır. Ona görə də əziz valideynlərimizi də ümumi təşəbbüsə qoşularaq ənənəvi tədrisin bərpasına layiqli töhfə verməyə çağırıram. Paytaxtın ümumi təhsil müəssisələrində çalışanların vaksinasiyasının əyani tədrisə keçidi sürətləndirəcəyinə ümidlərimiz sonsuzdur,” o qeyd edib.

XS
SM
MD
LG