"Son statistikalar göstərir ki, kiber-hücumlar öz istiqamətini dəyişib. Əslində hücumlar informasiya resurslarını deyil, birbaşa insanları hədəfə alıb".
Report agentliyi bu barədə Bakıda keçirilən "Kibertəhlükəsizlik: Bizim ortaq məsuliyyətimiz" adlı forumda çıxış edən Azərbaycanın Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) nümayəndəsi Tural Məmmədova istinadən məlumat yayıb.
Tural Məmmədov əlavə edib ki, insanların maarifləndirilməsi yolu ilə insanların təhlükəsizlik səviyyəsini yüksəltmək olar: "Son bir ayın (01.02.2019 - 01.03.2019) nəticələrini göstərən başqa statistika da onu təsdiq edir ki, əsas zərərvericilər insanları hədəfə alır. Son zamanlar maliyyə yönümlü zərərvericilər daha da aktivləşib. Bu statistikada da ilk yerdə "RAMMIT" adlı zərərvericidir (troyan-trojan) ki, o da bank əməliyyatlarını hədəfə alır. Son 1 ayda biz 22347 troyanı bloklamışıq," o qeyd edib.
Tural Məmmədov deyib ki, son dövrlər mövcud olan hücumlarda "RAMMIT"in əsas təyinatının məhz bank məlumatlarının oğurlanması olduğu görünür:
"Bütün istifadəçilər bank kartlarından istifadə edir, onlayn ödənişlər edir. "RAMMIT"in də əsas təyinatı ödənişlər vaxtı araya girib ödəniş kodlarını, məlumatlarını oğurlamaqdır."