Fevralın 13-də Azərbaycanda koronavirus infeksiyasından 169 nəfər müalicə olunaraq sağalıb, 155 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkədə 231 995 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 226 514 nəfər müalicə olunaraq sağalıb, 3178 nəfər vəfat edib. Aktiv xəstə sayı 2303 nəfərdir.
Ötən müddət ərzində 2 495 198 test aparılıb. Bugünkü test sayı isə 9715-dir.
Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, iki mərhələdən ibarət olan vaksinasiya prosesinin birinci mərhələsi fevralın 1-də başa çatıb. Fevralın 8-dən 65 yaşdan yuxarı şəxslər vaksinasiya olunur.
Nazirlər Kabineti bildirir ki, indiyədək ölkəyə cəmi 848 000 doz vaksin gətirilib.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Həmin vaxtdan tətbiq edilən xüsusi karantin rejimi bu il aprelin 1-dək davam edəcək.
Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.