Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2396 yeni yoluxma faktı qeydə alınıb, 674 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 357 058 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 336 445 nəfər müalicə olunaraq sağalıb, 5 095 nəfər vəfat edib, aktiv xəstə sayı 15 518 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 792, ötən müddət ərzində isə ümumilikdə 4 147 588 test aparılıb.
Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək vurulan vaksinlərin ümumi sayı 5 milyon 418 min 754, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 160 min 755, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 257 min 999 nəfər təşkil edir.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.
Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi avqustun 1-dək davam edəcək.
Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.
İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.
İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.