Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2557 yeni yoluxma faktı qeydə alınıb, 3592 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 39 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 450 282 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 393 569 nəfər müalicə olunaraq sağalıb, 5 959 nəfər vəfat edib, aktiv xəstə sayı 50 754 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 220, ötən müddət ərzində isə ümumilikdə 4 593 820 test aparılıb.
Qərargah həmçinin Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64 033 vaksin vurulduğunu qeyd edir.
Məlumata görə bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 550, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 483 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 371 182, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 418 214, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 952 968 təşkil edir.
Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə noyabrın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.
Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.
İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.
İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.
Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir. Böyük ticarət mərkəzlərinə, ictimai iaşə obyektlərinə, iş yerlərinə COVID-19 pasportu olanlar buraxılır.