Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 152 yeni yoluxma faktı qeydə alınıb, 263 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 230 769 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 224 431 nəfər müalicə olunaraq sağalıb, 3 148 nəfər vəfat edib, aktiv xəstə sayı 3 190 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 640, ötən müddət ərzində isə ümumilikdə 2 433 585 test aparılıb.
Yanvarın 18-dən başlayaraq ölkədə Çin istehsalı olan "CoronaVAC" vaksini ilə vaksinasiya başlayıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, iki mərhələdən ibarət olan vaksinasiya prosesinin birinci mərhələsi fevralın 1-də başa çatıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı isə hesab edir ki, hazırda Azərbaycanda COVİD-19 pandemiyası ilə bağlı vəziyyət stabilləşib və yumşalmalara gedildi. Lakin unudulmamaldıır ki, pandemiya nə dünyada, nə də Azərbaycanda bitməyib.
"Yoluxma saylarında azalma sərt karantin rejiminin, məhdudiyyətlərinin tətbiqinin nəticəsidir. Məhdudiyyətlər götürüldüyü zaman istər-istəməz rəqəmlər yenidən artacaq. Pandemiyanın dinamikası belədir. Belə ki, qapanmalara gediləndən sonra yoluxma sayları azalır, yumşaldılmaların tətbiqindən sonra isə artım qeydə alınır. Bir də yeni ştamm buraya gələrsə, yoluxma saylarında daha sürətli artım ola bilər. Ona görə də hər kəs qaydalara məsuliyyətli yanaşmağa davam etməlidir. Bu zaman vəziyyəti olduğu kimi saxlaya bilərik,” o qeyd edib.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Həmin vaxtdan ölkədə tətbiq edilən xüsusi karantin rejimi bu il aprelin 1-dək davam edəcək.
Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.