Accessibility links

Azərbaycanda son sutkada 841 nəfər COVID-19-dan sağalıb, 176 nəfər yoluxub


Azərbaycanda koronavirus infeksiyasına 176 yeni yoluxma faktı qeydə alınıb, 841 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahının yanvarın 11-nə olanməlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 224 827 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 209 522 nəfər müalicə olunaraq sağalıb, 2 926 nəfər vəfat edib, aktiv xəstə sayı 12 379 nəfərdir.

Ölkədə son sutka ərzində 4 086, hazırkı dövrədək isə 2 272 009 test aparılıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Həmin vaxtdan ölkədə tətbiq edilən karantin rejimi bu il yanvarın 31-dək davam edəcək.

Dekabrın 8-də Nazirlər Kabineti koronavirusa yoluxma hallarının kəskin artmasını nəzərə alaraq, karantin rejimini 14 dekabrdan 2021-ci il yanvarın 18-ə kimi sərtləşdirib.

Nazirlər Kabinetinin qərarına əsasən, yanvarın 18-dək Bakı metropoliteninin fəaliyyəti tam dayandırılıb. SMS-lə küçəyə çıxma icazəsinin müddəti gün ərzində 1 dəfə olmaqla (3 saat müddətində) yenidən aktivləşdirilib. Ticarət obyektləri, restoran, kafe və çay evlərinin fəaliyyəti dayandırılıb. Bir sıra şəhər və rayonlara giriş-çıxış məhdudlaşdırılıb.

2021-ci ilin yanvarın 31-dək ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Həmçinin şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla, digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılıb.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburi hesab olunub. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilib.

XS
SM
MD
LG