Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 133 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 337 456 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 873 nəfər müalicə olunaraq sağalıb, 4 988 nəfər vəfat edib, aktiv xəstə sayı 1595 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 365, ötən müddət ərzində isə ümumilikdə 3 867 916 test aparılıb.
Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək vurulan vaksinlərin ümumi sayı 4 107 950, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 474 911, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 633 039 təşkil edir.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.
Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi avqustun 1-dək davam edəcək.
Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.
İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.
İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.