Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 154 yeni yoluxma faktı qeydə alınıb, 165 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 232 491 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 227 116 nəfər müalicə olunaraq sağalıb, 3 187 nəfər vəfat edib, aktiv xəstə sayı 2 188 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 758, ötən müddət ərzində isə ümumilikdə 2 521 394 test aparılıb.
Bu il yanvarıın 16-da qəbul edilmiş “Azərbaycanda COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkədə vaksinasiya prosesi yanvarın 18-dən başlanılıb.
İlk mərhələdə səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvənd edilib.
Nazirlər Kabinetinin fevralın 2-də açıqladığı məlumata görə, yanvarın 18-dən fevrlaın 2-nə kimi əsasən 63 min nəfərə yaxın tibb işçiləri peyvənd edilib.
Azərbaycanda Çinin SinoVac şirkətinin istehsal etdiyi “Coronavac” peyvəndindən istifadə olunur, 4 milyon doza vaksin sifariş verilib.
Nazirlər Kabineti bildirir ki, indiyədək ölkəyə cəmi 848 000 doz vaksin gətirilib.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Həmin vaxtdan tətbiq edilən xüsusi karantin rejimi bu il aprelin 1-dək davam edəcək.
Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.