Accessibility links

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 349 yeni yoluxma faktı qeydə alınıb


Koronavirus

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 349 yeni yoluxma faktı qeydə alınıb, 494 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 226 549 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 213 773 nəfər müalicə olunaraq sağalıb, 2 983 nəfər vəfat edib, aktiv xəstə sayı 9 793 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 231, ötən müddət ərzində isə ümumilikdə 2 302 843 test aparılıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Həmin vaxtdan ölkədə tətbiq edilən karantin rejimi dekabrın 28-dək davam edəcək.

Noyabrın 19-da Nazirlər Kabineti koronavirusa yoluxma hallarının kəskin artmasını nəzərə alaraq karantin rejimini daha da sərtləşdirib.

Nazirlər Kabinetinin qərarına əsasən, dekabrın 28-dək Bakı metropoliteninin fəaliyyəti tam dayandırılıb, məktəblərdə tədris onlayn qaydada həyata keçirilir. Yoluxma riski yüksək olan bir sıra yaşayış məntəqələrinə giriş-çıxış qadağan edilib.

Dekabrın 28-dək ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Həmçinin şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla, digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılıb.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburi hesab olunub. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilib. 65 yaşdan yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələri tövsiyə olunub.

Həmçinin özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara işçilərin say həddinin 30 faizədək azaldılması və digər əməkdaşların məsafədən iş rejiminə keçirilməsi tövsiyə edilib

XS
SM
MD
LG