Accessibility links

Azərbaycanda son sutkada koronavirusa 162 nəfər yoluxub, 171 nəfər sağalıb


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 162 yeni yoluxma faktı qeydə alınıb, 171 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı avqustun 21-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Məlumata görə son sutkada koronavirusdan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 34 921 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 682 nəfər müalicə olunaraq sağalıb, 512 nəfər vəfat edib, 1 727 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 986, bu günə qədər isə ümumilikdə 861 788 test icra olunub.

TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bu gün keçirilən mətbuat konfransında deyib ki, karantin rejimini mərhələli şəkildə yumşaltma davam edir. O bildirib ki, bu heç də o demək deyil ki, qaydalara riayət etməməliyik: “Hər bir vətəndaş qaydalara əməl etməlidir”.

COVID-19 haqqında qısa məlumat

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi iyulun 5-dən avqustun 5-dək uzadılıb.

Bundan əlavə, 2020-ci il iyulun 4-dən avqustun 5-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb.

Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda avqustun 5-dək şənbə və bazar günləri bütün ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Virusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilib.

Xüsusi karantin rejimi dövründə avqustun 31-dək bir çox iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilmir.

Avqustun 5-dən SMS icazə sistemi və bəzi sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilən 30 və 50 faizlik məhdudiyyətlər ləğv edilib. Həmçinin bir sıra fəaliyyət sahələrində iş rejimi bərpa olunub.

Avqustun 18-dən isə ictimai iaşə müəssisələri, o cümlədən restoranlar fəaliyyətə başlayıb.

XS
SM
MD
LG