Accessibility links

Azərbaycanda koronavirusdan sağalanların sayı yoluxanlardan çoxdur


Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 4124 yeni yoluxma faktı qeydə alınıb, 4205 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.

"İndiyədək ölkədə ümumilikdə 191 460 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 127 064 nəfər müalicə olunaraq sağalıb, 2 088 nəfər vəfat edib, aktiv xəstə sayı 62 308 nəfərdir," məlumatda deyilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 426, ötən müddət ərzində isə ümumilikdə 2 016 003 test aparılıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Həmin vaxtdan ölkədə tətbiq edilən karantin rejimi gələn il yanvarın 31-dək davam edəcək.

Dekabrın 8-də Nazirlər Kabineti koronavirusa yoluxma hallarının kəskin artmasını nəzərə alaraq, karantin rejimini 14 dekabrdan 2021-ci il yanvarın 18-ə kimi sərtləşdirilib.

Nazirlər Kabinetinin qərarına əsasən, yanvarın 18-dək Bakı metropoliteninin fəaliyyəti tam dayandırılıb. SMS-lə küçəyə çıxma icazəsinin müddəti gün ərzində 1 dəfə olmaqla (3 saat müddətində) yenidən aktivləşdirilib. Ticarət obyektləri restoran, kafe və çay evlərinin fəaliyyəti dayandırılıb. Bir sıra şəhər və rayonlara giriş-çıxış məhdudlaşdırılıb.

2021-ci ilin yanvarın 31-dək ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Həmçinin şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla, digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılıb.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburi hesab olunub. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilib. 65 yaşdan yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələri tövsiyə olunub.

XS
SM
MD
LG