Accessibility links

Azərbaycanda son sutkada koronavirusdan 6 nəfər ölüb


Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 195 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 236 963 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229 789 nəfər müalicə olunaraq sağalıb, 3 247 nəfər vəfat edib, 3 927 aktiv xəstə sayı nəfərdir.

Ölkədə son sutka ərzində 4 624, hazırkı dövrədək isə 2 657 999 test aparılıb.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, iki mərhələdən ibarət olan vaksinasiya prosesinin birinci mərhələsi fevralın 1-də başa çatıb. Hazırda 50 yaşdan yuxarı şəxslər vaksinasiya olunur.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Həmin vaxtdan tətbiq edilən xüsusi karantin rejimi bu il aprelin 1-dək davam edəcək.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

XS
SM
MD
LG