Azərbaycan Tarif (qiymət) Şurası fevralın 1-dən ölkədə bir kubmetr su təchizatının tarifini əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik oması barədə qərar qəbul edib. Bununla da içməli suyun və tullantı sularının qiyməti 100 faiz artırılıb.
“Azərsu” ASC-nin bundan öncə xərclərinin ödənilməsi üçün dövlət büdcəsindən subsidiya ayrılırdı (2021-ci ildə 45 milyon manat).
Hökumət ciddi və real islahatlar aparmadan iqtisadiyyatın ağır yükünü vətəndaşların çiyninə yükləyir. Hiss olunur ki, məmurların vətəndaşın cibindən real məlumatları yoxdur.Rövşən Ağayev, ekspert
Məlumatda deyilir ki, tarif tənzimlənməsi “Azərsu” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinin sağlamlaşdırılmasına imkan yaradacaq.
“Həmçinin fasiləsiz su təminatının əhatə dairəsinin daha da genişlənməsinə şərait yaranacaq, Səhmdar Cəmiyyətin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün əlavə imkanlar formalaşacaq. Dövlət büdcəsindən “Azərsu” ASC-yə vəsait ayrılması dayandırılacaq və bu vəsaitin sərbəstləşməsinə imkan yaranacaq. Tarif tənzimlənməsi ilə əlaqədar dövlət büdcəsində sərbəstləşən vəsait ölkədə həyata keçirilən sistemli və davamlı xarakter daşıyan sosial siyasətə uyğun olaraq sosialyönümlü tədbirlərə yonəldiləcək,” Tarif Şurasının məlumatında deyilir.
“Azərsu” ASC hesab edir ki, tarif dəyişikliyi məhdud su ehtiyatlarından daha səmərəli və qənaətlə istifadəyə sövq edəcək.
“Tarif dəyişikliyinin aylıq istehlak səbətinə 2,50 manat, bir abonentin aylıq xərcinə isə təxminən 5 manat təsir edəcəyi proqnozlaşdırılır,” Tarif Şurası bildirir.
İqtisadçı Rövşən Ağayev bildirir ki, "kommunal xidmət şirkətləri boğaza qədər korrupsiyanın içərisində olmasaydı, bir şöbə rəhbəri 100-150 minlik maşında gəzməsəydi, hesabatlılıq və şəffaf qiymət əmələgəlmə sistemi olsaydı, xidmətlər keyfiyyətli olsaydı, qiymətərin hətta bahalığı belə insanları indiki qədər narazı salmazdı."
“Hökumət ciddi və real islahatlar aparmadan iqtisadiyyatın ağır yükünü vətəndaşların çiyninə yükləyir. Hiss olunur ki, məmurların vətəndaşın cibindən real məlumatları yoxdur. Müstəqil araşdırmaları qoyuram kənara, özünüzün hələ də az-çox qalan peşəkar məmurlarınızdan soruşun ki, niyə bu ölkədə az qala 5 ildir ailə büdcələrinin qənaəti mənfi zolağa keçib. Bu göstəricinin hansı real vəziyyətin nəticəsi olduğunu onlar sizə deyəcək,” ekspert qeyd edir.
İqtisad elmləri doktoru Qubad İbadoğlu hesab edir ki, qiymət artımı özəlləşdirməyə hazırlıqla əlaqədardır.
“Xatırlayırsınızsa, hələ benzinin və dizen yanacağının qiyməti bahalaşanda mən digər kommunal xidmətlərin suyun, elektrik enerjisinin və qazın, nəqliyyatda, metroda gediş haqqının, çörəyin də qiymətinin mərhələləi bahalaşacağını proqnizlaşdırırdım. Odur ki, bu da son deyil. Məlumat üçün qeyd edim ki, “Azərsu” ASC Bakının Nərimanov rayonundakı 204 milyon manatlıq yeni inzibati binasının son tamamlama (tikinti-quraşdırma, interyer, landşaft, elektromexanika, yoxlama və sazlama) işlərinin görülməsi üçün tenderin qalibi “Az-Mep Group” MMC-yə 10,533 milyon manat ödəməlidir. Görünür ki, yeni binanın tamamlama işləri, komplektləşdirilməsi (mebel təchizatı və s.) əhalinin hesabına ödəniləcək,” o qeyd edib.
Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli kərimli bildirib ki, "Azərsu"ya 280 milyon manata o cür təmtəraqlı bina tikiləndə aydın idi ki, suyun qiyməti qaldırılacaq.
Hələ benzinin və dizen yanacağının qiyməti bahalaşanda mən digər kommunal xidmətlərin suyun, elektrik enerjisinin və qazın, nəqliyyatda, metroda gediş haqqının, çörəyin də qiymətinin mərhələləi bahalaşacağını proqnizlaşdırırdım. Odur ki, bu da son deyil.Qubad İbadoğlu, iqtisad elmləri doktoru
“Ölkədə suyun və kanalizasiya xidmətlərinin qiymətini iki dəfə artırdılar. Bakı, Sumqayıt, Xırdalan və Abşeronda su təchizatının qiyməti əvvəl bir kubmetr üçün 35 qəpik idisə, indi 70 qəpik oldu, digər ərazilərdə 30 qəpikdən 60 qəpiyə qaldırıldı. Çirkab sularının axıdılması isə 15 qəpikdən 30 qəpiyə qaldırıldı.Hakimiyyət hərbi zəfər qazanmış xalqa doğru əl uzatmaqdansa, zərbəni zərbə üstündən endirir,” mwxalifət partiyasının lideri facebook səhifəsində yazıb.
İqtisadçı Rəşad Həsənov yazır ki, Tarif Şurası deyir ki, qiymət artımı nəticəsində xərclər bir nəfər üçün 2.5 manat (istehlak səbətinə təsiri), abonent üçün 5 manat artacaq.
“Başqa göstəricilərə baxmadan sadəcə orta statistik ailə sayı üzrə hesablama aparmış olsaq nəticələr aşağıdakı kimidir: Bakı şəhəri: 3.64 nəfər, artan su xərci 9.1 manat, Abşeron rayonunda: 4.16 nəfər, artan su xərci 10.4 manat. O ki qaldı, xərclərin ödənməsinə. Bu qurum özü üçün 120 milyon dollara (204 milyon manat) inzibati bina tikməsə idi ən azı 4 il dövlət büdcəsindən subsidiya almaya bilərdi. O da olmasa ən azından pandemiyanın davam etdiyi və əhalinin gəlirləri minimum həddə düşdüyü hazırkı şərtlər daxilində qiymətlər artırılmazdı. Dünya təcrübəsində flaqman tikinti layihələrini biznes yerinə yetirir və bu layihələr də əsasən turizm məqsədələri (turistlərin cəlb edilməsi) üçün istifadə edilir və məqsəd iqtisadi aktivliyin artırılması olur. Bizdə isə müvafiq layihələr dövlət qurumları tərəfindən icra edilir (özlərinə inzibati bina tikmək üçün) və diqqət etsəniz, heç biri turizm məqsədələri üçün istifadə edilən yerlərdə tikilməyib. Bu layihələrin xərcini isə sonunda sadə vətəndaşlar ödəyir. Səbəb nəticəni doğurur. Beləki, bu binaların tikintisinə, bu qurumlarda baş alıb gedən korrupsiyaya, səmərəsizliyə göz yumanda bir gün onun bədəlini ödəmək məcburiyyətində qalırsan,” ekspert qeyd edir.