Accessibility links

Azərbaycanda təbii qazın və elektrik enerjisinin satış qiymətlərində dəyişiklik edilib, - ekspert rəyi


Azərbaycan Tarif Şurası bu gün, iyunun 30-da keçirilən iclasında müəyyən qrup abunəçilər üçün təbii qazın qiymətini artırıb. Tarif Şurası həmçinin elektrik enerjisinin satış qiymətində dəyişiklik edib.

Hər iki qərar iyulun 1-dən qüvvəyə minəcək.

“Tarif tənzimləməsində optimal yanaşma tətbiq olunmaqla əhali abunəçilərinin təxminən 51%-ni (5 milyon nəfər) əhatə edən istehlakçılar üzrə təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün tarif dəyişdirilməyib və hazırkı (1 kub metr üçün 10 qəpik) səviyyədə saxlanılıb. İstehlak edilən qazın 1200 - 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kub metr üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib. Əhali abunəçiləri üçün müəyyən edilən tarif sistemi böyük sahəyə malik yaşayış evlərini daha qənaətcil istilik sistemlərindən istifadəyə sövq edəcək,” Tarif Şurasının məlumatında deyilir.

Məlumatda bildirilir ki, qəbul edilmiş tarif artımı modeli bir sıra sahələr üçün güzəştli tarif sisteminin saxlanılmasını nəzərdə tutur.

“İqtisadi dirçəlişin təmin edilməsi məqsədilə sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifi bu mərhələdə dəyişdirilməyərək mövcud 20 qəpik səviyyəsində saxlanılıb. Həmçinin təbii qazdan istifadə edilməklə hasil olunan elektrik enerjisi üzrə tarif artımına yol verməmək üçün elektrik stansiyalarına verilən təbii qazın tarifi cəmi 1 qəpik artırılmaqla 12 qəpikdən 13 qəpiyə dəyişdirilib.”

Bununla yanaşı, Tarif Şurası təbii qaz əsasında fəaliyyət göstərən “Azəristiliktəchizat” ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifini 20 qəpikdən 13 qəpiyə endirib.

Həmçinin təbii qazdan (CNG) istifadə edən ictimai nəqliyyat vasitələrinin xərclərini azaltmaq məqsədilə qazın satışını həyata keçirən qazdoldurma məntəqələrinə verilən təbii qazın tarifi 20 qəpikdən 13 qəpiyə endirilib.

Digər sahələrdə (ticarət, xidmət və s.) rentabelli fəaliyyət təbii qazın tarifindən daha az asılı olduğu üçün tariflər 5 qəpik artırılıb.

İndiyədək ölkədə təbii qazın illik istehlak həcmi 2200 kubmetrədək olan istehlakçılar bir kubmetr üçün 10 qəpik, illik istehlak həcminin 2200 kubmetrdən çox olan hissəsi üçün 20 qəpik ödəyirdi.

Tarif (Qiymət) Şurasının bu gün keçirilmiş növbəti iclasında “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 28 noyabr 2016-cı il tarixli qərara dəyişiklik olunub.

Dəyişikliyə əsasən, bundan sonra elektrik enerjisinin 1 kVt/saat-nın qiyməti saat 08:00-dan 22:00-a qədər 7,3 qəpik, saat 22:00-dan 08:00-a qədər isə 3,5 qəpik müəyyən edilib.

Bu dəyişklik əhali qrupuna aid deyil. Dəyişiklik 5 min kilovatdan artıq elektrik enerjisi ietehlak edən subyektlərə aiddir.

Ekspert rəyi

İqtisadçlı Natiq Cəfərli Amerikanın Səsinə bildirib ki, təbii qazın qiymətinin artırılması ölkə əhalisinin 65-70 faizinə təsir edəcək.

Onun sözlərinə görə, bugünkü qərarla əhali üçün qaz limiti 2200 kub metrdən 1200 kub metrə endirilib.

"Bugünkü qərara qədər biz 2200 kub metr qaza görə 10 qəpik ödəyirdik. İndi isə 1200 kub metrə qədər 10 qəpik ödəniləcək, 1200-ü keçən kimi qiymət avtomatik iki dəfə artacaq və 20 qəpik təşkil edəcək".

Ekspertin fikrincə, 2020-ci ildə abonentlərin 21 faizi 2200 kub metr həddini keçib.

"İndi bu hədd 1200-ə salınandan sonra limiti keçən əhalinin sayı kifayət qədər böyük həcmdə olacağını söyləmək mümkündür. Bu, hər 3 ailədən ikisinə təsir göstərəcək qiymət artımıdır. Bu isə insanların kommunal xərclərinə daha çox pul ödəməyə və gəlirlərinin azalmasına gətirib çıxaracaq."

Cəfərli qeyd edib ki, kommersiya müəssisələri üçün də müəyyən artım nəzərdə tutulub. Bu da həmin sahələrdə mal və xidmətlərin qiymətlərin artımına səbəb olacaq.

"Bu ilk baxışdan çox böyük hədd kimi görsənməsə də hər kub metrə 5 qəpik əlavə ödəyən kiçik və orta sahibkar istər-istəməz satdığı mal və xidmətlərin üzərinə də bu qiyməti gələcək".

O əlavə edib ki, elektrik enerjisinin istehsalında istifadə olunan qazın da qiymətində 1 qəpik artım müşahidə olunur.

"Əvvəl bu qazın qiyməti 12 qəpik idi, indi isə 13 qəpiyə qaldırılıb. Bu, artım az görünsə də elektrik enerjisinin maya dəyərinə təsir göstərməmiş deyil."

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG