Accessibility links

Azərbaycanda tələbə və şagirdlər arasında koronavirusa yoluxma hallarının artdığı bildirilir


Sentyabrın 29-dan bu günə qədər Azərbaycanda 344 sinif və 9 orta məktəb koronavirusa görə distant təhsilə keçib.

Həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Tibb Universitetində, Bakı Dövlət Universitetində və Azərbaycan Texniki Universitetində bir neçə qrup distant tədris formasına keçib.

Sosial şəbəkələrdə yayılan çoxsaylı məlumatların təhlili göstərir ki, təhsil müəssisələrində koronavirusa yoluxma sayı artmaqda davam edir. Bu səbəbdən ölkədə məktəblərin distant təhsilə keçidi təklif edilir.

Bununla yanaşı, Təhsil Nazirliyinin mətbuat xidməti bildirib ki, Azərbaycanın təhsil qanunvericiliyində fərdi (individual) qrafik üzrə, sərbəst, əyani-qiyabi və ya qiyabi-əyani təhsilalma formaları nəzərdə tutulmayıb.

“Ölkə ərazisində distant və eksternat təhsilalma formaları üzrə tədrisin təşkili və qiymətləndirilməsi mexanizmi mövcud deyil,” mətbuat xidməti qeyd edib.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov bildirib ki, koronavirusun uşaqlar arasında epidemiya halını aldığını demək olmaz.

Onun sözlərinə görə, məktəblərin açılması ilə bağlı uşaqlar arasında yoluxma arta bilər.

“Yoluxma sayı, xüsusilə uşaqların koronavirusa yoluxması müəyyən problemlər yaşatsa da, uşaqlar böyüklərə nisbətən xəstəliyi yüngül keçirirlər”.

Bununla yanaşı, Səhiyyə Nazirliyi məktəblilərin valideynlərinə müraciət edib.

O xatırladıb ki, azyaşlılar koronavirusu böyüklərə nisbətən yüngül keçirsələr belə, müəllimlərə ötürə bilərlər.

“Baxmayaraq ki, müəllimlərin 80 %-i peyvənd olunub, ancaq onlar evdəkiləri yoluxdura bilərlər."

Distant təhsilin effekt vermədiyini bildirən infeksionist dövlətin də məktəblərin bağlanmasını istəmədiyini deyib.

"Buna görə də valideyn çalışmalıdır ki, övladının səhhəti barədə daim məlumatlı olsun. Yaxşı olardı ki, evdə səhər-axşam övladlarının hərarətlərini ölçsünlər. Xəstəliyindən asılı olmayaraq, xəstə uşağı məktəbə buraxana qədər xəstəliyi aşkarlamaq lazımdır. Çünki bilmədən məktəbə getdiyi vaxt ərzində şagirdlər yol boyu yoluxma sayını artırmış olur,” Səhiyyə Nazirliyinin rəsmisi deyib.

Mətbuatda dərc olunan məlumatlara görə, Azərbaycanda 1,6 milyon şagird var və onların 400-də koronavirus əlamətləri müşahidə edilib.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə noyabrın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.

XS
SM
MD
LG