Accessibility links

Azərbaycanda tətbiq edilən xüsusi karantin rejimi daha da gücləndirilib


Koronovirus

Azərbaycan Nazirlər Kabineti martın 27-də ölkədə tətbiq edilən xüsusi karantin rejiminin gücləndirilməsi barədə qərar qəbul edib.

Xatırladaq ki, Nazirlər Kabineti martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan edib. Xüsusi rejim qaydalarına əsasən, xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılıb, 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib, vətəndaşlara yerüstü nəqliyyatdan istifadə etmək, insanlararası təmaslarda 2 metrlik məsafə saxlamaq ciddi tövsiyə olunur.

Nazirlər Kabineti yanında Operativ Qərargahın martın 27-də yaydığı məlumata görə isə xüsusi karantin rejiminin gücləndirilməsi dövründə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılıb.

Baki, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir.

“Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarında müəyyən edilib. Supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində müştərilərə yerində xidmət dayandırılıb, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilir. Bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılıb və evə götürmə, çatdırma, və onlayn satışlara məhdudiyyətsiz icazə verilir. Bütün bulvar, park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədilə giriş məhdudlaşdırılıb,” məlumatda deyilir.

XS
SM
MD
LG