Accessibility links

Azərbaycanda tibbi maska istehsalı müəssisəsi açılıb


İlham Əliyev tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak edib
İlham Əliyev tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak edib

Aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi açılıb. Açılış mərasimində prezident İlham Əliyev iştirak edib.

Müəssisədə hər gün 120 min tibbi maska istehsal ediləcək. Yaxın günlərdə daha bir istehsal xətti qurulacaq və ikinci mərhələdə istehsal həcmi 2 dəfə artırılaraq, gündəlik istehsal 200-250 min tibbi maskaya çatdırılacaq.

Layihə çərçivəsində koronavirusdan qorunmaq üçün tibbi heyətin istifadəsi məqsədilə 3D printerlərlə çap olunan “üz sipəri” maskası və bir çox tibbi cihaz və avadanlıqların müxtəlif detallarının sınaq istehsalına başlanılıb. Hazırda gün ərzində 150 ədəd bu cür maska da istehsal olunur.

Ölkədə 6 şirkət isə dezinfeksiyaedici məhlullar istehsal edir.

Prezident İlham Əliyev müəssisə ilə tanışlıqdan sonra Azərbaycan xalqına müraciət edib.

Dövlət başçısı bildirib ki, qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində Azərbaycanda hazırda koronavirus xəstəliyinin yayılması geniş vüsət almayıb.

“Azərbaycanda bu günə qədər 45 min test keçirilib. İndi müxtəlif internet resurslarında bütün ölkələrdə həm xəstələrin sayı, həm ölüm hallarının sayı, eyni zamanda, keçirilmiş testlərin sayı göstərilir. Hər bir insan o saytlara girib baxa bilər, Azərbaycan dünyada aparıcı ölkələrdəndir ki, bu qədər test keçirib.”

O həmçinin deyib ki, indiki şəraitdə aprelin 5-dən sonra qüvvəyə minmiş qaydaları nəzərə alaraq vətəndaşlar nizam-intizam nümayiş etdirməlidirlər.

Ən azı 2,5 milyard manat ayrılacaq ki, Azərbaycanda iqtisadi sabitlik təmin edilsin, məşğulluqla bağlı problemlər öz həllini tapsın.
İlham Əliyev, Azərbaycan prezidenti

“Ciddi karantin rejimi ayın 20-nə qədər qüvvədə qalacaq. Ondan sonra biz addımlarımızı yaranacaq vəziyyətə uyğun şəkildə atacağıq.”

Əliyev bildirib ki, hazırda 20-dən çox xəstəxanada koronavirus xəstələri müalicə alır. Prezident həmçinin, yaxın zamanlarda Bakıda və bir neçə bölgədə müasir yeni xəstəxanaların yaradılmasının nəzərdə tutulduğunu deyib.

“Bu xəstəxanalar yeni texnologiyalar əsasında inşa ediləcəkdir. Bu texnologiyalar imkan verir ki, qısa müddətdə, bəlkə də üç həftə, bir ay ərzində xəstəxana tamamilə yenidən qurulsun, - yığma texnologiyalar prinsipi əsasında qurulacaq, - bütün lazımi avadanlıqla təchiz edilsin. Hər bir xəstəxananın çarpayı sayı 200-dür. Belə xəstəxanaların ölkəmizdə qısa müddətdə qurulması əlbəttə ki, bu mübarizədə bizə əlavə imkan verəcəkdir.”

Dövlət başçısı koronavirus xəstəliyinin iqtisadiyyata vurduğu ziyandan danışarkən deyib ki, neftin qiyməti demək olar ki, iki dəfədən çox düşüb.

“İlkin mərhələdə nəzərdə tutulurdu ki, bu məqsədlər üçün təqribən 1 milyard manat vəsait ayrılsın. Ancaq sonra əlavə hesablamalar bunun kifayət etməyəcəyini göstərdi və ən azı 2,5 milyard manat ayrılacaq ki, Azərbaycanda həm iqtisadi sabitlik təmin edilsin, məşğulluqla bağlı problemlər öz həllini tapsın və həm də bizim makroiqtisadi və maliyyə vəziyyətimiz sabit olsun.

Əgər biz koronavirusun ən çox təsir etdiyi sahələri və eyni zamanda, fərdi sahibkarlıqla məşğul olan insanları nəzərə alsaq, 600 min insan bu vəziyyətdən daha çox əziyyət çəkir, çünki orada iş yerləri bağlanıb. Sahibkarlara mənim çağırışım, birmənalı tələbim artıq hər kəsə bəllidir ki, bu dövrdə heç bir ixtisara getmək olmaz, ancaq biz sahibkarlara da imkan yaratmalıyıq ki, onlar da əziyyət çəkməsinlər. Azərbaycan 600 min işçini, o cümlədən fərdi sahibkarı dövlət hesabına maliyyələşdirəcək. Onların əməkhaqlarının əhəmiyyətli hissəsini dövlət öz üzərinə götürüb və artıq bu ödəmələr başlayır. O cümlədən tələbələrin problemləri, işsizlərə verilən müavinətin həcmi - bütün bunlar nəzərə alınır və 2,5 milyard manat bu məqsədlər üçün nəzərdə tutulub,” prezident qeyd edib.

XS
SM
MD
LG