Accessibility links

Azərbaycanda Uşaqların Beynəlxalq Müdafiəsi Günü və ya “uşaq_pullarını_verin”


1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

Dünyanın əksər ölkələrində olduğu kimi bu gün Azərbaycanda da qeyd edilir. Azərbaycan müstəqillik qazandıqdan sonra BMT-nin uşaq hüquqlarına dair konvensiyasına qoşulub. Ölkədə uşaq hüquqları ilə bağlı çoxsaylı qanunvericilik aktları və hökumət proqramları qəbul edilib. Uşaqların təhsilə cəlbi icbaridir, təhsilə cəlb səviyyəsi yüz faizə yaxındır.

Azərbaycan Dövlət Statistika Komitəsinin 2021-ci ilin martında yaydığı məlumata görə, əhalinin 3 milyon 813 min 400 nəfərini 14 yaşınadək olan uşaqlar təşkil edir.

Ölkədə 1840 məktəbəqədər təhsil müəsissəsində, 4422 ümumtəhsil məktəbində uşaqlar təhsil alır. Uşaqların təhsili ilə 153 min müəllim məşğuldur.

Koronavirus pandemiyası uşaqlar üçün də problemlər gətirib. Pandemiya dövründə təhsil müəssisələrində tədris distant qaydada aparılıb.

Koronavirusun uşaqlara təsiri
Koronavirusun uşaqlara təsiri

K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Allahverdi Musayev bildirib ki, Azərbaycanda uşaqlar arasında da koronavirusa yoluxma halları aşkarlanıb. COVID-19-a yoluxma 10 yaş üzərində uşaqlar arasında rast gəlinib.

Musayev deyib ki, ölkədə uşaqlar arasında koronavirusdan ağırlaşma halları olsa da, ölüm halı qeydə alınmayıb.

Bununla yanaşı, COVID-19 pandemiyasının uşaqlara təsirləri böyükdür.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bildirir ki, koronavirusla bağlı yayılan məlumatlar uşaqlarda narahatlıq doğurur.

“Ətrafda eşitdikiləri, valideynlərinin duyduğu təşviş uşaqlara da təsir edir. Çünki onlar çox həssasdır.”

Koronavirus infeksiyası pandemiyası uşaqlarda emosional dəyişikliklərin yaranmasına səbəb olur. Bu özünü iştahsızlıq, narahatlıq, qorxu, qəmginlik, diqqəti toplamaqda çətinlik, stress əlamətləri ilə göstərir.
Allahverdi Musayev, institut direktoru

“Koronavirus infeksiyası pandemiyası uşaqlarda emosional dəyişikliklərin yaranmasına səbəb olur. Bu özünü iştahsızlıq, narahatlıq, qorxu, qəmginlik, diqqəti toplamaqda çətinlik, stress əlamətləri ilə göstərir. Uşaqlarda belə dəyişikliklər müşahidə edən valideynlər, böyüklər biganə qalmamalı, onların aradan qaldırılmasına dəstək olmalıdırlar,” K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Allahverdi Musayev qeyd edib.

İqtisad elmləri doktoru Qubad İbadoğlu bildirir ki, Azərbaycanda ölkə əhalisinin 26,5 faizini uşaqlar təşkil edir.

“Son 20 ildə bu yaş qrupu üzrə uşaqların sayı 300 min nəfərədək, cəmi əhalidə xüsusi çəkisi isə 2,5 faiz bəndindən çox azalıb. Uşaqların sayının azalması xüsusi ilə də şəhərlərdə daha xarakterik hal alıb.”

İbadoğlunun fikrincə, uşaqlarının sayının azalmasının səbəblərindən biri dövlət qayğısının yetərincə olmamasıdır.

“Baxmayaraq yoxsulluq daha çox çoxuşaqlı ailələrə xasdır, amma belə ailələr üçün əvvəllər mövcud olmuş güzəştlərin bir çoxu aradan qaldırılıb. Azərbaycan yerləşdiyi coğrafiyada uşaqlara sosial müavinət ödəməyən azsaylı ölkələrdəndir. Ölkədə uşaqların təhsil və səhiyyə təminatında problemlər mövcuddur. Xüsusilə kənd rayonlarında uşaqlar təhsilin yuxarı siniflərində məktəbdən ayrılır və ailələrinə maddi kömək olmaq üçün aqrar təsərrüfatlarda çalışır. Uşaqlar arasında qan, həzm, sinir sisteminin xəstəliklərinin dinamikası davamlı olaraq artır,” iqtisad elmləri doktoru qeyd edib.

İbadoğlu hesab edir ki, bütün bunlarla yanaşı uşaqların ailədə və məktəbdə də hüquqları pozulur.

Uşaqların bir çoxu Azərbaycanda doğulmalarına görə hüquq və azadlıqlar baxımından təminatlı deyillər. Çünki, nə dövlət, nə cəmiyyət, nə məktəb, nə də ailə onların hüquqlarının qorunması üçün lazım olanların əksəriyyətini etmir.
Qubad İbadoğlu, iqtisad elmləri doktoru

“Onların fərdi inkişafı üçün lazım olan azadlıqlar valideynlər və müəllimlər tərəfindən tanınmır. Bir sözlə, uşaqların bir çoxu Azərbaycanda doğulmalarına görə hüquq və azadlıqlar baxımından təminatlı deyillər. Çünki nə dövlət, nə cəmiyyət, nə məktəb, nə də ailə onların hüquqlarının qorunması üçün lazım olanların əksəriyyətini edir,” o qeyd edib.

Azərbaycanda sosial şəbəkələrdə uzun müddətdir “#uşaq_pullarını_verin” haştağı altında ictimai müzakirələr keçirilir. Müzakirələrdə hökumətdən uşaqlar üçün büdcədən aylıq müavinət ayrılması tələb olunur.

Bu haştag altında kampaniyanın təşkilatçılarından biri Azərbaycan Xalq Cəbhəsı Partiyasının (AXCP) funksioneri Vahid Məhərrəmlidir. O, Amerikanın Səsinə müsahibəsində bildirib ki, uşaq pulunun verilməsi barədə hökumətin qərarına nail olanadək mübarizə davam etdiriləcək.

“Kampaniya artıq üç aydan çoxdur davam etdirilir. Kampaniyaya yüzlərlə insan qatılıb, müstəqil mediada, sosial şəbəkələrdə müzakirələr davam edir,” o qeyd edib.

Onun fikrincə, uşaqların maddi təminatı aşağı səviyyədədir.

Əhalinin kasıb təbəqəsinin sosial durumu ağır olduğundan, bu ailələrdə böyüyən uşaqların vəziyyəti bizi çox narahat edir.
Vahid Məhərrəmli, AXCP funksioneri

“Ölkədə çoxlu sayda işsiz var. Əmək qabiliyyətli əhalinin demək olar ki, yarısı işsizdir. Əhalinin kasıb təbəqəsinin sosial durumu ağır olduğundan, bu ailələrdə böyüyən uşaqların vəziyyəti bizi çox narahat edir. Bu ailələrdə böyüyən uşaqlar normal qidalana bilmir, normal geyinə bilmir, normal təhsil ala bilmir.”

Məhərrəmli hesab edir ki, Azərbaycanın kifayət qədər böyük maliyyə ehtiyaları olduğu halda kasıb ailələrdə doğulan uşaqların normal qidalanmaması, normal geyinməməsi, normal təhsil ala bilməməsi yolverilməzdir.

“Ona görə də hesab edirik ki, dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da uşaq pulu verilməlidir. Bizim fikrimizcə, hər uşaq üçün ayda 100 manat ayrılması üçün ölkənin vəsaiti var,” o qeyd edib.

AXCP funksinerinin sözlərinə görə, Azərbaycanda 2004-cü ilədək uşaq pulu verilib.

“Hətta ölkənin ağır maliyyə durumu zamanında belə, 1994-cü ildə Əbülfəz Elçibəy hökuməti uşaq pulunun verilməsi barədə qərar verib. Amma indi maliyyə ehtiyatları kifatər qədər çox olan ölkədə uşaq pulu verilmir,” Məhərrəmli deyib.

Şərhlərə bax

XS
SM
MD
LG