Accessibility links

Azərbaycanda universal poçt xidmətlərinin qiymətləri artırılıb


Azərpoçt
Azərpoçt

Tarif Şurası “Azərpoçt” MMC tərəfindən göstərilən universal poçt xidmətlərinin (UPX) tariflərini artırıb.

Tarif dəyişiklikləri nəticəsində çəkisi 20 qrama qədər olan sadə daxili məktubun tarifi 20 qəpikdən 30 qəpiyə, çəkisi 2 kiloqrama qədər olan poçt göndərişinin (məktub, banderol, kiçik paket) tarifi isə 1,8 manatdan 3 manata qaldırılıb. Daxili poçt göndərişinin sifarişlə göndərilməsi üçün tarif 30 qəpikdən 60 qəpiyə qaldırılıb.

Beynəlxalq məktub poçtu üzrə də tariflərə yenidən baxılıb və bu sahədə də qiymətlər artırılıb.

“Azərpoçt” MMC bildirib ki, mövcud tariflər 1 fevral 2011-ci il tarixində qüvvəyə minib və ötən müddət ərzində “Azərpoçt” MMC-nin ümumi istismar xərclərinin 2 dəfə, o cümlədən işçilərin əmək haqlarının təxminən 2,5 dəfə artması nəticəsində xidmətlərin maya dəyəri daha da yüksəlib.

“Digər tərəfdən, son illərdə beynəlxalq poçtun xarici valyutada hesablanan daşıma və çatdırma xərclərinin 2 dəfədən çox artması da beynəlxalq poçt xidmətlərinin maya dəyərinin kəskin yüksəlməsinə səbəb olub. Bütövlükdə “Azərpoçt” MMC üzrə UPX-nin göstərilməsi maya dəyərindən aşağı olduğu üçün hər il qurumun büdcəsinə kifayət qədər zərər dəyib. Bütün bunlar UPX üzrə mövcud tariflərə yenidən baxılmasını zəruri edib və bu yenilənmə daha çox tariflərin maya dəyərinə uyğunlaşdırılması məqsədini daşıyıb,” “Azərpoçt” bildirib.

Qurum həmçinin qeyd edir ki, sözügedən xidmətlər daha çox dövlət qurumları tərəfindən istifadə olunur (80-85%), xidmət istifadəçilərinin az hissəsini vətəndaşlar təşkil edir.

İqtisadçı Natiq Cəfərli poçt xidmətlərinin qiymətlərinin artırlmasında səbəb kimi daşımaçılıqda bahalaşmaların göstərildiyini düşünür.

“Ötən il dizel yanacağının və benzinin qiymətləri artırlıb. Göürünür bu amillər də poçt xidmətlərinin tarifinin artırılmasına səbəb olub. Amma, Tarif Şurası artımın faiz dərəcəsini göstərməyib. Çox yəqin ki, Nazirlər Kabineti qiymətlərin həcmini müəyyənləşdirəcək,” o qeyd edib.

XS
SM
MD
LG