Accessibility links

Azərbaycanda vaksin olunmayan təhsil işçilərinin məktəblərə girişinə icazə verilməyəcək


vaksin
vaksin

Vaksin olunmayan təhsil işçilərinin məktəblərə girişinə icazə verilməyəcək.

Bu barədə Azərbaycan Təhsil Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, hazırda təhsil işçilərinin 80 faizdən çoxu COVID-19 əleyhinə vaksinasiyadan keçib.

“Bununla belə yeni tədris ilinin başlanmasınadək təhsil işçilərinin daha çox sayda vaksinasiya prosesinə qoşulması vacib məsələdir. Vaksin olunmayan təhsil işçilərinin təhsil müəssisələrinə girişinə icazə verilməyəcək. Bütün təhsil müəssisələrində çalışan işçilər özlərinin və ətrafdakıların sağlamlığı üçün vaksinasiya prosesində aktiv iştirak etməlidirlər.”

Nazirlik qeyd edir ki, vaksin əleyhinə əks göstəriş arayışı təqdim edən təhsil işçiləri rəsmi qaydada “Əks göstəriş sertifikatı”nı təqdim etməlidirlər.

“Təhsil Nazirliyi olaraq bütün təhsil işçilərini virusdan qorunmaq üçün peyvənd olunmağa və sanitar-gigiyenik normalara əməl etməyə çağırırıq.” məlumatda deyilir.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə noyabrın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir. Böyük ticarət mərkəzlərinə, ictimai iaşə obyektlərinə, iş yerlərinə COVID-19 pasportu olanlar buraxılır.

XS
SM
MD
LG