Azərbaycanda Koronavirus əleyhinə peyvənd vurulması ilə bağlı vətəndaşlara saxta sənəd verən 12 nəfər işdən çıxarılıb.
Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.
Məlumatda deyilir ki, son zamanlar müxtəlif kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə koronavirus əleyhinə peyvəndin vurulması ilə bağlı vətəndaşların saxta sənəd əldə etməsi barədə məlumatlar yayılıb.
Yayılan məlumatların yerindəcə araşdırılması və yoxlanılması aidiyyəti qurumlar tərəfindən təmin edilib.
“Araşdırmanın nəticəsi olaraq Bakı şəhəri üzrə 7 və 12 nömrəli şəhər poliklinikalarında, Şəki Rayon Mərkəzi Xəstəxanasında, Sumqayıt şəhəri üzrə 2, 3 və 5 nömrəli uşaq poliklinikalarında, 3 saylı Şəhər Xəstəxanasında, Gəncə şəhəri üzrə 2 nömrəli Şəhər Poliklinikasında çalışan ümumilikdə 12 nəfər işdən kənarlaşdırılıb və onların əmək müqavilələrinə xitam verilib.
Qeyd olunmalıdır ki, göstərilmiş halların qarşısını almaq məqsədi ilə araşdırmalar davam edir və hüquq pozuntusuna yol verən tibb işçiləri haqqında müvafiq tədbirlər görüləcək" , məlumatda deyilir.
Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.
Operativ Qərargah bildirir ki, ölkədə vurulan vaksinlərin ümumi sayı 1 069488, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 627503, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 396985 təşkil edir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, iki mərhələdən ibarət olan vaksinasiya prosesinin birinci mərhələsi fevralın 1-də başa çatıb. Martın 22-dən yaşı 40-dan yuxarı olan şəxslərin koronavirusa qarşı vaksinasiyasına başlanılıb.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.
Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi iyunun 1-dək davam edəcək. Həftəsonu istirahət günləri və bayram günlərində ölkənin bütün ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.
Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.