Accessibility links

Azərbaycanda xüsusi karantin rejiminin müddəti yanvarın 31-dək uzadılır


Bakıda karantin

Azərbaycanda xüsusi karantin rejiminin müddəti yanvarın 31-dək uzadılır.

Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qərargahın məlumatına görə, Azərbaycanda son aylarda yaşanan yüksək yoluxma səviyyəsi nəzərə alınaraq, virusun yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində sərtləşdirilmiş karantin tədbirlərinin həyata keçirilməsinə qərar verilib.

Qərara görə, ölkə üzrə xüsusi karantin yanvarın 31-i, saat 06:00-dək uzadılır. Habelə, bu il dekabrın 14-ü saat 00:00-dan 2021-ci il yanvarın 18-i, saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir.

Qeyd edilir ki, həmin müddətdə ölkənin bütün ərazisində Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş iş, xidmət sahələri istisna olmaqla digər sahələrdə fəaliyyət dayandırılır. Bütün ticarət, ictimai iaşə obyektlərinə, o cümlədən restoran, kafe, çay evlərinə müştərilərə yalnız çatdırma xidmətlərinin göstərilməsi və ya onlayn satışa icazə verilir.

Eyni zamanda, operativ, xüsusi təyinatlı nəqliyyat vasitələrinin, yükdaşıyan avtomobillərin və Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla Bakı və bir çox yerlərə giriş-çıxış dayandırılır. Söhbət Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri, Abşeron Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərindən gedir. Həmin yerlərdə hərəkət məhdudiyyəti də tətbiq edilir. Amma Nazirlər Kabinetinin qərarı əsasında müəyyən edilən siyahı üzrə müvafiq qurumlarda çalışan şəxslər xidməti vəsiqə əsasında, eyni zamanda, qərarla müəyyən edilmiş digər təşkilatların və qurumların işçiləri onlar barədə məlumatlar icaze.e-gov.az portalına daxil edildikdən sonra o ərazilərdə hərəkət edə bilərlər.

Azərbaycanda metro yanvarın 31-dək işləməyəcək

Bütün bunlardan başqa, Bakı Metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 2021-ci il 31 yanvar saat 06:00-dək uzadılır. Habelə, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət də qüvvəsində qalır.

"2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək tətbiq olunan məhdudiyyətlərin iqtisadi fəallığa təsiri nəzərə alınaraq əvvəlki sərtləşdirilmiş karantin rejimi zamanı müəyyən edilmiş ehtiyacı olan təqribən 600 min nəfərə 190 manat birdəfəlik maddi yardım göstəriləcək Eyni zamanda, zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara yardım edilməsi nəzərdə tutulur", - Operativ Qərargah məlumatında bildirilir.

Xatırlama

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Həmin vaxtdan ölkədə tətbiq edilən karantin rejiminin dekabrın 28-dək davam etdirilməsi haqda qərar verilib.

Noyabrın 19-da Nazirlər Kabineti koronavirusa yoluxma hallarının kəskin artmasını nəzərə alaraq karantin rejimini daha da sərtləşdirilib.

Nazirlər Kabinetinin qərarına əsasən, Bakı metropoliteninin fəaliyyəti tam dayandırılıb, məktəblərdə tədris onlayn qaydada həyata keçirilir. Yoluxma riski yüksək olan bir sıra yaşayış məntəqələrinə giriş-çıxış qadağan edilib, ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Həmçinin şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla, digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılıb.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburi hesab olunub. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilib. 65 yaşdan yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələri tövsiyə olunub.

Həmçinin özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara işçilərin say həddinin 30 faizədək azaldılması və digər əməkdaşların məsafədən iş rejiminə keçirilməsi tövsiyə edilib.

XS
SM
MD
LG