Accessibility links

Azərbaycanda Xocalı faciəsinin qurbanları anılır – faciədən 29 il ötür


Xocalı abidəsi

Fevralın 26-da Azərbaycanda Xocalı faciəsinin 29-cu ildönümü qeyd edilir.

Azərbaycan prezidenti, hökumət üzvləri, deputatlar, diplomatik korpusların rəhbərləri, siyasi partiyaların təmsilçiləri, on minlərlə insan Bakının Xətai rayonunda Xocalı qurbanlarının faciəsini əks etdirən “Ana fəryadı” abidəsini ziyarət edib. Abidənin üzərində Xocalı faciəsi zamanı həyatını itirmiş insanların adları həkk olunub.

Bu il COVİD-19 pandemiyası səbəbindən Xocalı qurbanlarının anılması məqsədi ilə ucaldılmış "Ana fəryadı" abidəsinin ziyarətinə insanlar beş nəfərlik qrup halında buraxılıb.

Xocalı qurbanları
Xocalı qurbanları

Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücuma keçib.

“1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının dəstəyi ilə aylarla mühasirədə saxlanılan Xocalı şəhərinə hücuma keçərək onu yerlə-yeksan ediblər. Bu soyqırımı zamanı etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfərə ağır bədən xəsarətləri yetirilib. Eyni zamanda, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. Hücum nəticəsində 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb, onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil,” Hərbi Prokurorluğun məlumatında deyilir.

Hərbi prokuror Xanlar Vəliyevin sözlərinə görə, təkcə Xocalı faciəsi istiqaməti üzrə cinayət təqibi zamanı 7500-ə yaxın prosessual hərəkətlər aparılıb, 1800-dən çox şahid və 2700-dən çoxu zərərçəkmiş qismində olmaqla, 4500 nəfərdən çox şəxs dindirilib, 800-dən artıq müxtəlif növ ekspertiza keçirilib.

“İstintaqla, o cümlədən iş üzrə həyata keçirilən müvafiq ekspertizaların ilkin hesablamalarına əsasən, müəyyən edilib ki, Xocalının işğalı ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon 250 min ABŞ dollarından artıq məbləğdə ziyan vurulub,” Vəliyev qeyd edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, münaqişədən əvvəl Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində 7000 insan yaşayıb.

“Xocalı faciəsi zamanı şəhərin 5379 nəfər əhalisi deportasiya olunub,” nazirlik bildirir.

Bu gün, fevralın 26-da Bakıda ADA Universiteti və Azərbaycan Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə xarici dipolamtlar üçün keçirilən mərasimdə xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Xocalı faciəsindən uzun illər keçməsinə baxmayaraq, yaralar hələ də sağalmayıb. Onun fikrincə, beynəlxalq səviyyədə Xocalı soyqırımına hələ tam şəkildə hüquqi, siyasi qiymət verilməyib.

Ceyhun Bayramov
Ceyhun Bayramov

“Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində insanların dinc, birgə yaşayışının tərəfdarıdır. Bu mövqe birmənalıdır. Bununla yanaşı, beynəlxalq hüquq cinayətkarların məsuliyyətə cəlb olunmasını tələb edir. Davamlı sülhün təmini üçün Xocalı soyqırımı kimi cinayətləri törədənlərin ədalət mühakiməsi qarşısında dayanması vacibdir. Xocalı soyqırımı bizdən ədalət tələb edir. Azərbaycan dövləti Xocalı soyqırımı və digər cinayətləri törədənlərin beynəlxalq səviyyədə ədalət mühakiməsinə cəlb edilməsi üçün lazımı addımları atacaq. Bu, sülhün tərəfdarı olan hər kəsin mövqeyi olmalıdır. Dünya dövlətləri, beynəlxalq təşkilatlar bu məsələyə səssiz qalmamalı, kənar müşahidəçi kimi çıxış etməməli, prinsipial mövqe sərgiləməlidir,” nazir Bayramov qeyd edib.

Bu arada ABŞ-ın Azərbaycandakı səfiri Li Ltzenberger də sosial şəbəkələrdə Xocalı faciəsi qurbanlarını anıb.

''1992-ci ildə Xocalıda həyatını itirmiş hər kəsi hörmətlə anır, ehtiramla yad edirik,” səfir Li Litzenberger qeyd edib.

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Müstəqil mənbələr münaqişənin birinci mərhələsində tərəflərin 30 mindən çox, ikinci mərhələsindıə isə 10 minədək insan itirdiyini bildirir.

Azərbaycan Müdafiə Nazirlyinin məlumatına görə, münaqişənin birinci mərhələsində (Birinci Qarabağ müharibəsi) nəticəsində ölkənin 20 faiz ərazisi - Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayon - Xankəndi şəhəri, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, həmçinin Tərtər rayonunun 13, Qazax rayonunun 7, Naxçıvanın Sədərək rayonunun isə 1 kəndi Ermənistan ordusunun nəzarətinə keçib.

1992-ci ildə Xocalıda həyatını itirmiş hər kəsi hörmətlə anır, ehtiramla yad edirik.
Li Litzenberger, ABŞ-ın Azərbaycandakı səfiri

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan artıq azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb, 20 min nəfər hərbi əməliyyatlar dövründə həlak olub, 50 min nəfər əlil olub. Münaqişə nəticəsində 4 011 azərbaycanlı itkin düşüb. Bu şəxslərin aqibəti barədə hələ də məlumat yoxdur. İki mindən çox azərbaycanlı ermənilər tərəfindən əsir və girov götürülüb,” rəsmi məlumatda qeyd edilir.

Erməni rəsmi mənbələri isə ermənilərin 5856 nəfər itkisi olduğunu bildirir.

Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatına görə, Dağlıq Qarabaq münaqişəsi başlayandan sonra, 2020-ci il sentyabrın 27-dək hər iki tərəfin ümumi itkiləri 30,000 insan olub. 4,500 insan isə itkin sayılır.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.​

2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

​Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də hərbi əməliyyatlar başlayıb və bu 30 ildən artıq davam edən münaqişənin davamı olub. Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini, o cümlədən 5 rayonu, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Razılışmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycanın nəzarətinə qaytarılıb.

Xocalı faciəsi
Xocalı faciəsi

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilib. Həmçinin, Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət üzrə Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.

Birgə bəyanatda iqtisadi və nəqliyyat əlaqələrinin, kommunikasiyaların bərpa olunması, Naxçıvanla Azərbaycanın əlaqəsini bərpa edəcək Meğri dəhlizinin açılması, hərbi əsirlər, digər saxlanılan şəxslərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi əksini tapıb.

2021-ci il yanvarın 11-də Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin 10 noyabr bəyanatında nəzərdə tutulanların həyata keçirilməsi məqsədi ilə üç ölkənin hökumətlərinin sədr müavinlərinin birgə həmsədrliyi ilə Üçtərəfli İşçi Qrupunun yaradılması barədə razılığa gəlib.

Azərbaycan Müdafiə Nazirliyi son döyüşlər zamanı (İkinci Qarabağ müharibəsi-red) 2841 hərbçinin həlak olduğunu bildirib.

Ermənistan rəsmi mənbələri son döyüşlərdə həlak olmuş üç mindən çox hərbçinin şəxsiyyətinin müəyyən edildiyini bildirib. Bununla yanaşı, yerli media müxtəlif rəsmi şəxslərə istinadən həlak olanların sayının 5 mindədək, bəzən isə 7 minədək olduğunu yazır. Noyabrın 13-dən başlayaraq döyüş bölgəsindən 1 375 erməni hərbçisinin cəsədinin yığıldığı deyilir.

XS
SM
MD
LG