Yanvarın 18-dən Azərbaycanda COVID-19-a qarşı vaksinasiya başlanılacaq. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yanvarın 16-da keçirilən brifinqində bildirilib.
Birinci mərhələdə səhiyyə işçiləri, 65 yaşdan yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət, ikinci mərhələdə tibbi cəhətdən yüksək risk qrupuna aid olanlar (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar), 50 yaş və daha yuxarı ən azı bir xroniki xəstəliyi olan şəxslər, təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi peyvənd olunacaq.
Azərbaycan "Sinovac" şirkətindən 2 milyon doza "CoronaVac" vaksini alıb. Ümumilikdə bu şirkətə 4 milyon doza vaksin sifariş verilib. "CoronaVac" vaksininin effektivliyi 91,25% təşkil edir, bu barədə brifinqdə Səhiyyə Nazirliyinin nümayəndəsi Teymur Musayev bildirib.
Bununla yanaşı, sosial şəbəkələrdə insanlar vaksinin əks təsirlər göstərməsi ilə bağlı çoxsaylı statuslar yazır.
Tibbi Ərazi Bölmələrinin İdarə Edilməsi Birliyi (TƏBİB) bildirir ki, sosial şəbəkələrdə yeni növ koronavirus infeksiyası ilə mübarizə məqsədilə tətbiq ediləcək vaksinlərin təhlükəli olması və postvaksional ağırlaşmalara, ölüm hallarına səbəb olması ilə bağlı yayılan şaiyələr həqiqəti əks etdirmir.
TƏBİB-in məlumatına görə, bu günədək Azərbaycanda hər hansı vaksinlə əlaqəli fəsadın yaranması və ölümə səbəb olması faktı qeydə alınmayıb, insanlar bir çox ölümcül xəstəliklərdən məhz peyvəndlərin tətbiqi nəticəsində xilas olublar.
Yeni növ koronavirus infeksiyasına qarşı peyvəndə gəlincə TƏBİB bildirir ki, 3-cü klinik fazanı keçən bütün vaksinlərin təhlükəsizliyi və effektivliyi yüksək qiymətləndirilir.
“Vaksindən sonra mümkün ola biləcək başağrısı, əzələ ağrısı, qızdırma və s. kimi əlamətlər əks yox, əksinə, gözlənilən nəticədir və tibbi cəhətdən bədənin vaksinə müsbət reaksiya verməsinin göstəricisidir. Deyilənləri nəzərə alaraq, vətəndaşlarımızdan yalnız rəsmi məlumatlara inanmağı xahiş edir, ayrı-ayrı şəxslərə isə cəmiyyətdə çaşqınlıq yaradan açıqlamalardan çəkinməyi tövsiyə edirik,” məlumatda qeyd edilir.